BİZNES

Azərbaycanlı bankir İsveçrənin investisiya şirkətlər qrupunun rəhbərliyində

Həmyerlimiz Fəqan Nağıyev İsveçrənin korporativ-investisiya bankçılığı və aktivlərin idarə edilməsi üzrə ixtisaslaşan Crossinvest Şirkətlər qrupunun MŞ-nın qərarı ilə qrupun Rəhbər Heyətinin üzvü təyin edilib. Bu vəzifədə F.Nağıyev inkişaf etməkdə olan ölkələr və  beynəlxalq biznes sahələrinə rəhbərlik edəcək.

1985-ci ildə qurulan Crossinvest İsveçrə maliyə requlyatoru FİNMA tərəfindən, hər biri müstəqil lisenziyaya malik, Lugano, Sürix və Locarno mərkəzli şirkətlərdən və  Crossfund Lüksemburg, Crossfid İtaliya şirkərlərindən ibarət maliyyə qrupudur. Crossinvest habelə sığorta və pensiya fondlarının aktivlərini idarə etmək səlahiyyəti olan azsaylı maliyyə institutlarından biridir.

Beynəlxalq Citywire media qrupunun tərtib etdiyi top 50 müstəqil (beynəlxalq maliyyə-bank qruplarına daxil olmayan) investisiya şirkətləri reytinqində yer alan Crossinvest Qrupunun idarəetməsində olan ümumi aktivlərin dəyəri açıqlanmasada, etibarlı idarəetmə mandatı ilə təqribi 4 mlrd İsveçrə frankı və 11 investisiya fondunu idarə edən Crossinvest İsveçrənin top 10 müstəqil investisiya şirkətindən biridir.

Linkedin platformasında açıqlanan məlumata əsasən Fəqan Nağıyev Azərbaycan, Rusiya, Avstriya və İsveçrə banklarında çoxillik təcrübəyə malikdir. 

Crossinvest Qrupuna təyinatına qədər İsveçrənin Bank Julius Baer Qrupunda Direktor, Vyana ofisinin İcraçı Direktoru, daha sonra Mərkəzi və Şərqi Avropa Regionu üzrə İcraçı Direktor, Korporativ və İnvestisiya Bankçılığı (İnstitusional) Biznes blokunun rəhbəri vəzifələrində çalışıb. Habelə, 2023-cü ildən Vyana mərkəzli Blacktower Street Advisors GmbH konsaltinq şirkətinin təsisçi tərəfdaşıdır.

Fəqan Nağıyev 2005-ci ildə Azərbaycan Universitetinin hüquq fakultəsini fərqlənmə ilə bitirib. 2015-2020 -ci illərdə Julius Baer Akademiyasında, İtaliyanın Bacconi Universitetində, Honq Konqun City (CityU) Universitetində və Hindistanın Biznes Məktəbində (Indian School of Business) ixtisasartırma kursaları keçib. 2019-2020-ci illərdə Vyana İqtisadiyyat və Biznes Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə magistr programı olan Global EMBA proqramını bitirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)