Sosial iqtisadiyyat

“Azərbaycan məhsullarına verilən “Halal” sertifikatları dünya miqyasında tanınacaq”

Azərbaycan məhsullarına verilən “Halal” sertifikatları dünya miqyasında tanınacaq.

Bunu “Azərbaycan Standartlaşdırma İnstitutu”nun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

“Azərbaycanın hədəflərindən biri halal məhsulların ixracının təşkil olunmasıdır. Bunun üçün Azərbaycanda böyük potensial var. Ölkədə, xüsusilə ət və süd məhsullarının istehsalı sahəsində iri istehsalçılar mövcuddur. Eyni zamanda bu məhsulların güclü qlobal bazarı var. Halal məhsullarının istehlakı tək müsəlman ölkələrində deyil. Statistik məlumatlara əsasən, qeyri-müsəlman ölkələrində, xüsusilə Yaponiyada, Almaniyada halal məhsullarına tələbat getdikcə artır.

Azərbaycan bu bazarda öz payını artırmalıdır. Bunu təmin etmək üçün biz beynəlxalq səviyyəli akkreditasiya əldə etməliydik. Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanın Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunması Azərbaycandan ixrac oluna biləcək məhsulların sertifikatlaşdırılmasına imkan verəcək. Həmin sertifikat öz növbəsində qlobal bazarlarda tanınacaq. Bununla belə halal standartlarının özünəməxsus tələbləri var. Məsələn, söhbət ət məhsullarından gedirsə real halal məhsul istehsal etmək üçün heyvanların qidalanmasından, sağlamlığının təmin edilməsindən, kəsim və ondan sonrakı proseslər düzgün tənzimlənməlidir. Bu istiqamətdə yerli istehsal müəssisələri və sahibkarlarlıq subyektləri üçün təlimlər təşkil etməyi planlaşdırırıq”,- deyə o qeyd edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu HAK-dan beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib.

2022-ci ildən Azərbaycan İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) üzvüdür. AZSTANDART SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçilir, bu günə qədər halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)