105 yaşı olan Azərbaycan Mərkəzi Bankının 4 sədri - KİMLƏR OLUB?
105 yaşlı Azərbaycan Respublikasının Mərkəzi Bankına 4 nəfər rəhbərlik edib. Banka ilk rəhbərlik Əliağa Həsənova, ən uzun müddətli sədrlik isə hazırda Nazirlər Kabinetində çalışan Elman Rüstəmova nəsib olub. Ardıcıllıq isə belədir...
AXC Hökuməti tərəfindən 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (ADB) təşkili barədə layihə qəbul olundu. 1919-cu il sentyabrın 18-də ADB-nin nizamnaməsi təsdiqləndi və sentyabrın 30-da təntənəli açılışı keçirildi və ilk müdiri Əliağa Həsənov olub.
Ə. Həsənov 1871-ci ildə Bakıda anadan olub. Bakı kommersiya məktəbini bitirib. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib. Bakının ictimai həyatında fəal iştirak edən Ə. Həsənov şəhər Dumasının üzvü seçilib. Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olub. Bitərəf Ə. Həsənov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilib.
Ə. Həsənov F. X. Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinetində (26 dekabr 1918 – 14 mart 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini yerinə yetirib. Azərbaycan Nazirlər Şurasının Sədri N. Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumətdə o, maliyyə naziri vəzifəsini icra edib.
Ə. Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu. 1919–1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi.
1919-cu ilin sonunda ADR hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər upravası tərəfindən 500 manat dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi. 1919-cu il dekabrın ortalarında N. Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün dekabr ayının 24-də Ə. Həsənov tutduğu vəzifəni tərk edib. Sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində həm də sovet dövründə çalışıb. Ə. Həsənov 1933-cü ilin martında Bakıda vəfat edib.
1991-ci ildə yenidən müstəqillik qazanandan sonra bu dövlət qurumuna ilk rəhbərliyi Cavanşir Abdullayev edib.
C.Abdullayev müstəqil Azərbaycanın Mərkəzi Bankında İdarə Heyətinin sədri postunda 1992-1993-cü illərdə çalışıb.
C.Abdullayev 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib.
İş karyerasına SSRİ bank sisteminin filialında kredit mütəxəssisi kimi başlayan C.Abdullayev, daha sonra SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı müfəttiş (auditor) vəzifəsində çalışıb.
1991-ci ildə “Azinvestbank” Kommersiya Bankında İdarə Heyətinin sədri, daha sonra Aqrar-Sənaye Bankında İdarə Heyətinin sədri işləyib.
C.Abdullayev 1992-1993-cü illərdə AXC hakimiyyəti dövründə müstəqil Azərbaycanın Mərkəzi Bankı İdarə Heyətinin ilk sədri olub.
C.Abdullayev 2000-ci ilin yanvarından inidyə kimi Azərbaycan Bank Tədris Mərkəzinsə direktor işləyir.
Milli Bankın ikinci rəhbəri Qalib Ağayev olub.
Qalib Ağabala oğlu Ağayev 1941-ci il 13 iyul tarixində Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlayıb, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışıb.
Qalib Ağayev 1993-cü il sentyabrın 1-də ölkədə yeni hakimiyyətə gələn mərhum Heydər Əliyev tərəfindən Milli Bankın sədri təyin edilib. O, bu vəzifədə 1995-ci ilin yanvarına kimi işləyib.
"Expressbank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri olub və 2015-ci ilin sentyabrında vəfat edib.
Qalib Ağayevdən sonra Milli Bankın üçüncü rəhbəri Elman Rüstəmov olub.
Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.
1978-1980-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyib.
1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb.
1991-ci ildən 1992-ci ilədək Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib.
1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
1995-ci ilin yanvarında Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
E.Rüstəmov 2000, 2005, 2010, 2015, 2020-ci illərdə yenidən Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib.
Bu gün - 12 aprel 2022-ci il tarixində Milli Məclisin qərarı ilə Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən və sədrlikdən azad edilib.
Elman Rüstəmovun yerinə Taleh Tahir oğlu Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə seçilib. Onun Mərkəzi Bankın İdarə Heyətinin yeni sədri təyin olunacağı gözlənilir.
Əslən Cəbrayıl rayonundan olduğu bildirilən 38 yaşlı Taleh Kazımov Bakı şəhərində doğulub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib.
2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.
O, maliyyə sektorunda peşəkar fəaliyyətə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə işləyib.
2007-ci ilin iyulundan "PAŞA Bank"da fəaliyyətəi başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, daha sonra Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.
2011-ci ilin dekabrından "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib, 4 il sonra isə Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.