Azərbaycanda kreditin maya dəyəri niyə bahadır? - BƏHRUZ NAĞIYEVİN AÇIQLAMASI
Azərbaycanda bankların kredit verməsinə sərtləşdirici təsir göstərən amillərdən biri pulun maya dəyərinin baha olmasıdır. Bunu ölkənin Mərkəzi Bankının banklar arasında keçirdiyi sorğunun nəticələri göstərir. Diğər amillər sırasında inflyasiya gözləntiləri, likvidlik amilləri və s. da vardır.
Bəs pulun maya dəyərinin bahalaşdıran komponentlər nələrdir?
Depozit faizləri artıb? Risk amilləri hələ də yüksəkdir, yoxsa səhmdarın mənfəət marjası böyükdür?
Bununla bağlı ENA.az ölkənin ən iri korporativ Bankı olan PAŞA Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyevin fikirlərini oxucularına təqdim edir.
Monetar siyasət dəyişdikcə...
B.Nağıyev hesab edir ki, pulun maya dəyərinin bahalaşması daha çox normativ tələblərin dəyişdirilməsi, depozit faizlərinin artması ilə əlaqədardır. Normativ tələb dedikdə, Azərbaycanda ötən ildən bankların məcburi ehtiyat normaları artırılması nəzərdə tutulur. Aydındır ki, bu sağlam və dayanıqlı bankçılığın təmin edilməsi məqsədi daşıyır və hazırda təkcə ölkəmizdə deyil, Avropada da maliyyə sektoru sərt tənzimləmə mexanizmi ilə işləyir.
Peşəkar bankirin sözlərinə görə, sərtləşdirici amil kimi məcburi ehtiyat normasının artmasını da göstərmək olar ki, bu da, məlum olduğu kimi, bazardakı pul kütləsini yığaraq inflyasiyanı idarə etmək üçün lazımi alətlərdən biridir. Bu addım mövcud mühit ilə əlaqədardır və inflyasiya ajendası, monetar siyasət dəyişdikdə iqtisadi fəallığı artıracaq addımlar atılması da labüddür.
Pulun maya dəyərini bahalaşdıran "ehtiyatlar"
Kredit kimi verilən pulun maya dəyərinə gəldikdə, təbii ki, 20-25 faiz həcmində məcburi ehtiyat yaratma tələbinin mövcudluğu bankın cəlb etdiyi hər 100 manatın 20-25 manatını istifadəsindən məhrum olması deməkdir. "İstər-istəməz xərc olaraq 100 manatın xərcini ödəyirsiniz ancaq qazanc olaraq 80 manat götürəndə faiz dərəcələrinə təsirini göstərəcək. Böyük bir artma deməzdim, amma bu ola bilər ki, pərakəndə bankçılığa daha çox təsir edir. Həmçinin uçot dərəcəsinin dolayısı yolla da olsa təsiri var", - B.Nağıyev bildirib.
Uçot dərəcəsinin artması depozitləri bahalaşdırdı
Uçot dərəcəsinin təsirinə gəldikdə, hazırda bu alətlədki dəyişikliklər Azərbaycanda birbaşa qiymətli kağızlar bazarında əksini tapır. Bu, həm də investorlarda bir gözlənti yaradır. Ölkənin suveren kağızlarından gəlirlilik 7-8 faiz olduqda fiziki şəxslər də depozitlərini ən azı bu və ya bir qədər yüksək faizlə banklarda yerləşdirmək istəyirlər. Bu da təbii ki, kreditin maya dəyərinə birbaşa təsir edir.
Lakin PAŞA Bank rəsmisi deyir ki, biznes kreditlərində 10, 12 faiz həddi qalmaqdadır və ciddi artım yoxdur.
"Bizim əsas depozit cəlb etdiyimiz tərəf özəl bankçılıqdır. Elan etdiyimiz depozit faiz dərəcələri isə 9-10 faiz ətrafındadır və bəli, depozit cəlb etmək üçün faiz dərəcələrini artırmışıq. Düşünürəm ki, istədiyimiz rəqəmi də əldə etmişik, yəni portfelin həcminin 200 milyon manatı üstələməsinə nail olmuşuq".
Xərclərin artmasının təsirinə gəldikdə, B.Nağıyevin arqumentinə görə, 6-7 milyard manat ətrafında olan ümumi öhdəliklərdə 200 milyon manatın ciddi təsiri yoxdur. Bu səbəbdən də PAŞA Bankda nəzərəçarpan artım da görünmür:
"Bəli, faiz xərclərimiz yüksəlib, amma onlar daha çox cari hesablara ödənilən faizlərə aiddir, orada isə yüksək faiz dərəcələrindən söhbət getmir. Bazardan tələb gəlirdi deyə bir qədər artıq ödəməyə başlamışıq. Həmin xərci translyasiya edib müştərindən tələb etmək siyasəti yeritmirik. Çünki yaxşı başa düşürük ki, real sektorun aparıcı bankı kimi bu birbaşa sektorun inkişafına təsir edə bilər. Bazardakı mövqeyimizi nəzərə alaraq real sektorun inkişafına dəstək veririk".
Qeyd edək ki, ekspertlər məcburi ehtiyatların və depozitlərin bahalaşmasının pulun maya dəyərini təxminən 2 faiz artırır. Yerigəlmişkən, Azərbaycan Mərkəzi Bankı hələ ötən il məcburi ehtiyat normalarını artırarkən bu amilin kreditləri bahalaşdırmasını qəbul etmişdi, amma proqnozlar 0,5 faizə qədər idi.
Nisbət fərqi 2 dəfədir
Ümumiyyətlə, PAŞA Bankın depozit və kredit portfeli arasında nisbətə baxsaq, kifayət qədər konservativ, risk əsaslı siyasət yürütdüyü açıq görünür. Belə ki, bankın müştəri depozit portfeli 6 milyard 600 milyon manat, kredit portfeli isə 3 milyard 200 milyon manatdır. Yəni ortada 2 dəfədən böyük bir fərq var.
Ekspertlər hesab edir ki, banklar depozit portfelinin 50 faizini kredit kimi istifadə etmirsə, onun aktiv kreditləşmədə iştirak etdiyini demək düzgün olmaz.
Amma PAŞA Bankın kreditləşmədə istifadə etdiyi vəsaitlərin həcminə baxsaq, ölkə iqtisadiyyatında böyük paya və təsirə malik olduğunu əminliklə vurğulamaq mümkündür. Bankın 9-10 faizlə götürdüyü depozitləri daha çox dövriyyə vəsaiti kimi yerləşdirmələrdə istifadə edərək gəlir götürdüyü ehtimal olunur.