Bakı Fond Birjası vizual olaraq dəyişdi. Fəaliyyət məzmununda nəyi dəyişəcək?
Xaricdə səhmdarın CEO qarşısında qoyduğu hədəf: “Şirkətin səhmləri 20 faiz bahalaşmalıdır”
Azərbaycanda səhmdarın CEO qarşısında qoyduğu hədəf “Mənfəət 20 faiz artmalıdır”
Qlobal baxanda Azərbaycanın maliyyə bazarı kiçikdir, qiymətli kağızlar, fond birjası isə bu kiçik bazarın özünün içində “dənizdə damla kimi”dir. Dünyanın iri birjalarında, çox uzağa getməsək, elə İstanbul birjasında aparılan gündəlik əməliyyatlar, dövriyyə, alətlərin sayı, texnoloji imkanlarla müqayisədə biz müstəqilliyimizin 33 yaşı olsa da, bu yola “təzə çıxan rəqəmlərə sahibik”.
Əslində, 2015-ci il devalvasiyası göstərdi ki, maliyyə sektorunun dayanıqlığı üçün bütün, ən azı ənənəvi maliyyə alətləri işlək olmalıdır, dövlət paylarının heç olmasa bir hissəsi özəlləşməlidir ki, alternativ majoritar nəzarət sistemi də işləsin.
Sükut pozuldu
Görünür, 9 il sonra bu sahədə ciddi addımlar atılmağa başladı. Təbii ki, buna maliyyə sektorunun tənzimləyicisi kimi çıxış edən Azərbaycan Mərkəzi Bankında baş verən sədr dəyişikliyi də təkan verdi. Bu ilin ikinci rübündə ilk kütləvi yerləşdirmə kimi Azərbaycan Beynəlxalq Bankının 80 milyon manatlıq səhmlərinin bazara çıxması isə sükutu pozdu. Bakı Fond Birjası daha hansı dinamikaları gözləyir?
Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov “B” hərfinin və Qız Qalasının ətrafında anlam qazanan yeni loqonun təqdimatında xeyli ciddi mesajlar səsləndirdi.
İstiqraz bazarına dövlət dəstəyi
Təsdiqlədi ki, indiyə qədər sektorun dövriyyəsinin 90 faizini dövlət qiymətli kağızları təşkil edib. Ümumi dövriyyənin 12 faizini istiqrazlar təşkil edir, bunun da 8 faizi dövlət fondunun ipoteka istiqrazlardır. Hazırda bazarda 450-500 milyon manat dəyərində istiqrazlar var, qarşıdakı 3 ildə isə bu 1 milyard 500 milyona çata bilər. Amma necə...
Birjanın CEO-su bunun yolunu dövlət müəssisələrinin istiqraz buraxmasında görür. Hazırda SOCAR və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dollarla olan istiqrazlarından başqa bazarda digər dövlət qurumlarının istiqrazları yoxdur. Yerigəlmişkən, birjada aparılan repo əməliyyatlarının da 65%-i dövlət qiymətli kağızları ilə həyata keçirilir. Üstəlik bazarın imkanlarından bankların qismində yalnız institusional qurumlar istifadə edirlər, fərdi investorların “dişinə dəymir ki, dadını bilsinlər”. Birjada aparılan əməliyyatlarda fərdi investorların payına gəlincə, bu heç 5 faizə çatmır. Təsəlliverici rəqəm isə heç olmasa 10-15 faizə çata bilər.
Səhm bazarının ÜDM-ə nisbəti: Azərbaycanda 4,7%, Qazaxıstanda 38,9%!
Azərbaycanda səhm bazarının kapitallaşması 5,8 milyard manatdır, ÜDM-nin 4,7 faizini tutur. Halbuki, bu rəqəm ÜDM-nin Rusiyada 32,4 faizini, Qazaxıstanda 38,9 faizini, Özbəkistanda 22 faizini, Birləşmiş Ərəb Əmirliyində 136 faizini təşkil edir. Müqayisə göstərir ki, bazar ölkəmizdə nə qədər kiçikdir və potensialı yüksəkdir. ABB-nin İPO etməsi ilə artıq bazar inkişaf trendinə keçir və bu sahədə işlər davam etməlidir.
Bəs hazırda kütləvi səhm satışına çıxartmağa başqa şirkətlər varmı?
Ruslan Xəlilov hesab edir ki, maliyyə və telekommunikasiya sektorunda bunun üçün daha uyğun şirkətlər vardır. Özəl müəssisələrin səhm bazarı kapitalizasiyasının proqnızlaşdırıla bilən artımı artımı isə 500 mln manatdır.
Ümumilikdə səhm bazarında banklar daha çox aktivdirlər, lakin onlar əksər hallarda qapalı yerləşdirmələr edirlər. Yəni, daxildəki şəriklərə əlavə pay satmaq üçün olan qapalı yerləşdirmələrin sayı az olsa da, həcm baxımından kifayət qədər ciddi rəqəmlərdir. Qapalı yerləşdirmələrin əsas səbəblərinə gəlincə, R.Xəlilov hesab edir ki, ilk növbədə bu bankın açıq şəkildə kütlə ilə işləməyə hazır olub-olmadığını göstərir.
“Sahibkar müzakirələrə açıq olmalıdır, buna hazırdırmı?”, -bu sualın cavabından çox asılıdır.
Bakı Fond Birjası, qaydalar, mexanizm necə buna hazırdırmı?
Açıqlamalardan belə məlum oldu ki, BFB yeddi əsas hədəf üzrə üç istiqamətdə daxili transformasiya aparır. Ticarət və listinq qaydalarının bazarauyğunlaşdırılması, şəffaflığı təmin etmək, minimum listinq tələblərinə, mexanizm və prosedurlara yenidən baxılır. Listinq qaydalarına müəyyən dəyişikliklər hazırlanıb və yeniliklərdə stimullaşdırıcı amillər də nəzərə alınıb.