Bank

Azərbaycanda banklar nə qədər daşınar əmlak girov götürüb?

Kredit götürmək üçün girov kimi daşınar əmlakların da qəbul edilməsi üzrə ölkəmizdə müvafiq qanun mövcuddur. Bu, sahibkarlıq fəaliyyətinin inkişafı və kreditə çıxış imkanlarının genişlənməsi baxımından vacib addımdır. Çünki yalnız daşınmaz əmlaka – torpaq və ya mənzil kimi obyektlərə bağlılıq kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışını məhdudlaşdırırdı. Daşınar əmlakın – avadanlıqlar, texnika, nəqliyyat vasitələri və hətta əmtəə ehtiyatları kimi aktivlərin girov kimi qəbul edilməsi nəzəri baxımdan bank sektorunu daha çevik və inklüziv etməli idi.

Lakin praktiki müstəvidə hələ də girov məsələsi kreditləşdirmədə başlıca çətinlik olaraq qalır. Bankların risk menecmenti, daşınar əmlakın qiymətləndirilməsi və likvidliyi ilə bağlı suallar bu mexanizmin tam işlək olmasına maneə yaradır. Başqa sözlə, qanun olsa da, mexanizmin effektivliyi tam təmin olunmayıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin avqustun 1-dək daşınar əmlakın yüklülüyü reyestrində 101 min 82 bildiriş qeydə alınıb. Müqayisə üçün, 2024-cü ilin sonuna bu rəqəm 147 min 002 idi. Bu göstərici daşınar əmlakın girov kimi istifadə olunmasına müəyyən marağın olduğunu göstərsə də, aktivliyi zəifdir. Bunun səbəbləri arasında bankların daşınar girovlara daha az üstünlük verməsi, qiymətləndirmə proseslərinin mürəkkəbliyi, hüquqi icra mexanizmlərindəki boşluqlar və sahibkarların kifayət qədər məlumatlı olmaması ola bilər.

Ümumilikdə, daşınar əmlakın girov götürülməsi mexanizmi ölkəmizdə mövcuddur və müəyyən dərəcədə işləkdir. Lakin hələ də tam potensialından istifadə olunmur. Beynəlxalq təcrübə göstərir ki, belə mexanizmlər düzgün tətbiq edilərsə, kiçik və orta biznesin maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Bunun üçün isə bankların risk yanaşmasının yumşaldılması, qiymətləndirmə bazarının inkişafı və hüquqi icra mexanizmlərinin daha da təkmilləşdirilməsi zəruridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)