İş saatı çox və az olan ölkələr - Azərbaycan hansı sıradadır?
Dünya ölkələri yaşayış standartları baxımından bir-birindən fərqlidir. Bu səbəbdən iş saatlarında da kəskin fərqlər nəzərə çarpır. İş saatlarına görə ölkələri müqayisə edək. Ən çox və ən az iş saatı olan ölkələr hansılardır?
ENA.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı ölkələrdə həftəlik iş saatları ilə bağlı hesabat hazırlayıb. Hesabata görə ilk yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tutur. Burada işçilər həftədə 50,9 saat işləyirlər. İkinci yerə isə Çin sahiblik edir. Ölkədə işçilər həftədə 46,1 saat işləyir. Hindistan siyahıda 46,7 saatla üçüncü yeri tutur. Türkiyə həftədə 43,3 saat ilə dördüncüdür. Yunanıstanda işçilər orta hesabla 39,7 saat işləyirək beşinci yeri tutub.
Ən az iş saatı olan ölkələr sırasında birinci yeri Almanya tutur - həftəlik 35,5 iş saatı. İkinci ən az iş saatı olan ölkə Avstraliyadır. Avstraliyada iş saatı 36,1 təşkil edir. Üçüncü yeri 36,4 həftəlik iş saat ilə İngiltərə, dördüncü yeri isə 37,5 həftəlik iş saat ilə İtalya tutur. Fransa 38 saatlıq iş rejimi ilə sonrakı yerdədir.
Azərbaycanın Əmək Məcəlləsinin 89-cü maddəsində göstərilir ki, tam iş vaxtı – müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
Məcəllənin 90-cı maddəsinə əsasən, iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Bir insanın öz işinə ayırdığı vaxtın müddəti ölkədən ölkəyə dəyişir. Bəzi ölkələrdə “uzun”, bəzilərində isə “qısa” iş saatları var. Təbii ki, yadda saxlamaq lazımdır ki, “uzun” və “qısa” anlayışı ölkədən asılı olaraq nisbi anlayışdır. Orta hesabla 40-45 saatlıq (və ya daha çox) iş həftəsi bir ölkədə qısa sayıla bilərsə, başqa ölkədə bu müddət xoş qarşılanmaya və uzun sayıla bilər. Ölkələr üzrə orta iş vaxtının müəyyən edilməsində sosial-iqtisadi, tarixi və mədəni amillər mühüm rol oynayır. İşsizlik, artan inflyasiya və iqtisadi artımın yavaşlaması ilə bağlı uzun müddətdir davam edən qorxular da insanların həftədə daha çox saat işləməsi deməkdir.