Bank

Ehtiyat aktivlərdəki artımın 7 dəfə azalması niyə normallaşma kimi qəbul olunmalıdır? - Samir Nəsirovun izahı

Bu ilin altı ayında ölkəmizin ehtiyat aktivləri 648 milyon dollar artıb. 2023-cü ilin eyni dövründə isə bu, artım 5,3 milyard dollar idi. 7 dəfədən çox belə böyük fərqin yaranmasına səbəb nədir?

Sıçrayış yaradan müvəqqəti amillər səngiyir

Əvvəlcə qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının mütəxəssisləri ehtiyat aktivlərlə yanaşı, ölkənin idxal-ixrac balansını formalaşdıran bəzi göstəricilərdə qeydə alınan düşməni makroiqtisadi cəhətdən normallaşma hesab edirlər. Yəni, müvəqqəti amillər nəticəsində  baş verən sıçrayışlar artıq baza prinsiplərinə uyğunlaşmağa başlayıb.

Belə ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində 2022-ci ilin ortalarından sonra əmtəə bazarında kəskin volatillik yarandı və xüsusən də MDB məkanında olan dövlətlərə pul köçürmələrin həcmi dəfələrlə artıb. Müharibənin başlaması ilə start götürən bu müvəqqəti amillər artıq yavaş-yavaş səngiyir və tədiyyə balansına xas dayanıqlı amillər üzrə göstəricilər normaya qayıdır. Sadə dillə belə deyək ki, siyasi-iqtisadi hay-küyün gətirdiyi əlavə pullar, mal və xidmət bazarındakı kəskin sıçrayışlar artıq zəifləyir və azalır.

Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin rəhbəri Samir Nəsirovun sözlərinə görə, tədiyyə balansı üzrə analiz aparılarkən bu müvəqqəti amillər nəzərə alınmalıdır.

“Həmin dövrdə Azərbaycana böyük həcmdə pul vəsaitləri daxil olmuşdu, lakin bu siyasi gərginliyin nəticəsi idi. Amma əvvəlki dövrlərlə müqayisə etsək, normallaşmanın yarandığını görə bilərik. 2019-cu il illə müqayisədə daxil olan pul baratlarının həcmində 20 faiz artım var. Ehtiyat aktivlər balansına da bu istiqamətdən baxmağı təklif edirik” – deyə o bildirib.

Ehtiyat aktivləri nədir?

Cari əməliyyatlar balansında, kapital və maliyyənin hərəkəti hesabında baş verən əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb-azalması deməkdir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini bağlayır. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər. Yuxarıda qeyd etdiyimiz kimi, 2024-cü ilin altı ayında bu artım 648 milyon dollar olub.

Azərbaycan üçün böyük uğur

Eyni zamanda nəzərə alsaq ki, öhdəliklər də aktivlərin bir hissəsidir, 2,2 milyard dollarlıq xarici borcun ödənilməsi ilə yanaşı ehtiyat aktivlərin 648 milyon dollar atması baş veribsə, bu hər ölkə üçün xarakterik hal deyil.

“Bu, Azərbaycan üçün böyük bir uğurdur. Öhdəliklərimiz 2,2 milyard dollar azalmasına baxmayaraq ümumilikdə maliyyə aktivlərimiz artıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)