Fed endirimləri ilə parlayacaq VALYUTA HANSIDIR?
FED-in faiz endirimlərinin qlobal bazarlarda yeni dövrün qapılarını açacağı gözlənilsə də, bu yeni dövrlə bağlı ilkin proqnozlar gəlməyə başlayıb.
Eurizon SLJ Capital-ın baş direktoru Stiven Jenin sözlərinə görə, ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa başladıqda, Çin şirkətləri 1 trilyon dollardan çox dəyərində dollarla ifadə olunan aktivləri satmağa başlaya bilər ki, bu da yuanın 10 faizə qədər bahalaşmasına səbəb ola bilər.
Hazırda yuana düzgün qiymət verilmədiyinin ən böyük risk olduğunu və bazarlarda böyük rol oynaya biləcəyini söyləyən Jen, “Uçqunu düşünün. Yuan bahalaşacaq və yəqin ki, bahalaşmasına icazə veriləcək - 5-10 faiz Çin üçün təvazökar və məqbul nisbət olardı" - deyib.
Jenin nəzəriyyəsinə görə, Çin firmaları pandemiyadan bəri 2 trilyon dollardan çox ofşor investisiya toplayıb. Bunları çox yüksək faiz dərəcələri ödəyən aktivlərdə park etmiş ola bilər. “Dollar təbəssümü” nəzəriyyəsi üzərindəki işi ilə tanınan Jen, ABŞ-da inflyasiya yavaşlamağa davam edərsə, FED-in faiz dərəcələrini bazarların gözlədiyindən daha aqressiv şəkildə aşağı salacağını proqnozlaşdırır: “Bu, Amerikanın əkiz kəsirləri və yumşaq eniş gözləntiləri ilə yanaşı, həddindən artıq dəyərli hesab edilən dolların ucuzlaşacağına olan inamı gücləndirir”.