MALİYYƏ

Azərbaycanın ən çox xarici borcu Asiya İnkişaf Bankınadır. Borcumuzda azalma var

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,8 %-i elə dollarda olub.

Məlumata görə, borcun tərkibində avro 6 %, yapon yeni 3 %, digər valyutalar 0,6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,6 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,4 %-ni, sabit dərəcə ilə olanlar isə 51,6 %-ni təşkil edib.

42,1 %-i 5 ilə qədər olan borclardır

Xarici dövlət borcunun 42,1 %-i 5 ilə qədər olan müddətdə, 49,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.

Xarici dövlət borcunun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiya İnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.

Xarici dövlət borcunun 40,6 %-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 59,4 %-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.

Borc azalıb

1 iyul 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 5.361,3 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 121.342,5 milyon manat (71.377,9 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 7,5 faizini təşkil edib. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.099,9 milyon ABŞ dolları və ya 17 faiz azalıb. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk altı ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900,0 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi olub. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)