Minimum aylıq əmək haqqı nə üçün artılır, NƏTİCƏLƏRİ NƏ OLACAQ?
Hazırda minimum aylıq əmək haqqının (MƏH) məbləği 345 manatdır və bunun artırılması ilə bağlı təkliflər hazırlandığını eşidirik. Gözlənilir ki, MƏH artımı 2024-cü ilin payızında müzakirə olunacaq və 2025-i ildən etibarən artacaq.
Minimum əmək haqqı nə üçün artırılır?
İnflyasiya və yaşayış xərclərinin artması. Rəsmi müraciətlə Dövlət Statistika Komitəsindən 1 avqust 2024-cü il tarixdə əldə etdiyimiz məlumata əsasən, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi (İQİ) 2023-cü ildə əvvəlki ilə nisbətən 108,8 faiz, 2024-cü ilin yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100.7 faiz təşkil etmişdir.
İQİ bir ölkədəki istehlakçıların aldığı mal və xidmətlərin ümumi qiymət səviyyəsinin zamanla necə dəyişdiyini ölçən statistik göstəricidir. İQİ, müəyyən bir zaman periodunda (məsələn, aylıq, illik) müəyyən edilmiş mal və xidmət səbətinin qiymətlərini əsas götürərək hesablanır. Bu səbət qida məhsulları, geyim, mənzil kirayəsi, nəqliyyat, sağlamlıq xidmətləri, əyləncə və s. kimi müxtəlif kateqoriyalardan ibarət ola bilər. Bu səbətdəki mal və xidmətlərin hər biri müəyyən bir çəkiyə malikdir, yəni bəzi kateqoriyalar başqalarına nisbətən daha çox əhəmiyyət daşıya bilər. İQİ bu çəkiləri nəzərə alaraq hesablanır.
Sosial ədalət, yoxsulluğun azaldılması, alıcılıq qabiliyyətinin artırılması, beynəlxalq öhdəliklər. Azərbaycan Avropa Sosial Xartiyasına qoşulmuşdur və bu Xartiya sosial hüquqların təmin edilməsi və qorunması üçün Avropa Şurası tərəfindən qəbul edilmiş bir sənəddir. Bu xartiya, üzv dövlətlər üçün iş, təhsil, sağlamlıq, sosial müavinətlər və əmək hüquqları sahəsində müəyyən standartlar və öhdəliklər müəyyən edir. Buradakı öhdəliklərdən biri də minimum əmək haqqı məsələsidir. Avropa Sosial Xartiyasının 4-cü maddəsi "Ədalətli əmək haqqı hüququ"nu əhatə edir. Bu maddəyə görə, üzv dövlətlər işçilərə ədalətli əmək haqqı təmin etməli, bu əmək haqqı işçinin və onun ailəsinin layiqli yaşayışını təmin etməlidir. Xüsusilə, maddənin 1-ci bəndi əmək haqqının işçilərin və ailələrinin layiqli həyat səviyyəsini təmin edəcək səviyyədə olması öhdəliyini qoyur. Bu öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan hökuməti əmək haqqı səviyyəsini və sosial təminatları mütəmadi olaraq nəzərdən keçirməli və lazım gəldikdə artırmalıdır. Beləliklə, Avropa Sosial Xartiyasına qoşulmaq Azərbaycana minimum əmək haqqını artırmaq üçün müəyyən dərəcədə öhdəlik yaradır, lakin bu, daha çox milli siyasətə və ölkənin iqtisadi vəziyyətinə
əsaslanan bir prosesdir.
Minimum əmək haqqının nə qədər artırılmasını ehtimal edə bilərik?
Əvvəlcə qeyd edək ki, 2004-cü ildən etibarən bu günə qədər minimum əmək haqqının artım faizi heç vaxt 10%-dən az olmayıb, maksimal artım isə 2007-ci ildə olub 100%. 2022-ci ildə artım 20%, 2023-ci ildə isə 15% olmuşdur.
2023 və 2024-cü illərdəki inflyasiya, 2024-cü ildə yanacaq qiymətlərində artım ilə vətəndaşlarımızın və sahibkarların xərclərinin artıdığını da nəzərə alsaq ən az 10% artım olacağını proqnoz etmək olar, əgər 16% artım olsa, minimum əmək haqqı təxmini 400 manat olacaqdır.
Artımın təsirləri nələr olacaq?
Ümumilikdə, onu qeyd etməliyik ki, artım geniş kütləni əhatə edəcək. Əvvəlki artıma baxsaq, 2023-cü ilin yanvarındakı minimum əmək haqqı artımı dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli üzrə və özəl sektorda işləyənləri də nəzərə almaqla 700 min nəfəri əhatə edirdi. Yenə eyni qaydada gözləniləndir ki, artım eyni qədər və ola bilsin ki, daha çox əhalini əhatə etsin və aylıq tarif (vəzifə) maaşlarının məbləği də minimum aylıq əmək haqqına uyğun olaraq artırılsın, yəni minimum əmək haqqından daha yuxarı əmək haqqı alan şəxslərdə də artım olacaq.
Artım eyni zamanda bir çox sahələrdə xərcləri də artıracaq. Hesablama tərəfinə gəlincə isə, minimal əmək haqqının artırılması işəgötürən və əməkdaş üçün aradakı fərq qədər rəqəm artım anlamına gəlmir.
Məsələn: minimum əmək haqqı 345 manatdan 400 manata qalxarsa, bu əməkdaş və sahibkar üçün 55 manat artım anlamına gəlmir. Artım, əməkdaş üçün daha az əmək haqqı, sahibkar üçün isə daha çox xərc artımı ilə nəticələnir, çünki əməkdaşdan əlavə olaraq məcburi dövlət sosial sığortası, işsizlik sığortası, icbari tibbi sığorta haqqı da tutulur, sahibkar isə əlavə olaraq bunları da ödəyir. Dəqiq ifadə etsək, əvvəl əməkdaş xalis əmək haqqı kimi 315.88 manat alırdısa, artıq 364 manat alacaq, sahibkar isə əvvəl əməkdaş və özünün birlikdə yuxarıda qeyd etdiyimiz sığorta xərcləri üçün 103.5 manat ödəniş edirdisə, artıq 120 manat ödəniş etməli olacaq.
Mənfəət/gəlir vergisi ödəyicisi olan mikro sahibkarlar 75% güzəştdən faydalanmaq üçün ən azı 3 nəfər ilə əmək müqaviləsi bağlayıb işə götürməli olduqları üçün, minimum əmək haqqı ilə işə alınmış əməkdaşlar üzrə xərc də minimum aylıq əmək haqqı artımından sonra avtomatik olaraq artacaq.
Ölkəmizdə fəaliyyətdə olan 335 min nəfərdən yuxarı fərdi sahibkar var və minimal aylıq əmək haqqı artımı onların da məcburi dövlət sosial sığortası və icbari tibbi sığorta üzrə də öhdəliklərini artıracaqdır.
Məcburi dövlət sosial sığortasının artımına təsiri
Aşağıdakı sahələrdə fərdi qaydada fəaliyyət göstərən şəxslərin fəaliyyəti üzrə sosial sığorta öhdəlikləri birbaşa olaraq minimum aylıq əmək haqqı əsas götürülərək hesablandığından, minimum aylıq əmək haqqında gözlənilən dəyişiklik, bu şəxslərin sosial sığorta ödənişlərinin məbləğini də dəyişdirəcəkdir:
- bərbər, dərzi, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi, ofisiant, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, ayaqqabı ustası, nəqqaşlıq emalatxana, fərdi baytarlıq fəaliyyəti üçün minimum aylıq əmək haqqının 3%i miqdarında
- foto, audiovideo xidmətləri, toylarda, şənliklərdə, tədbirlərdə aparıcılıq, çalğıçılıq və s. oxşar fəaliyyət üçün minimum aylıq əmək haqqının 5%-i miqdarında
Bu şəxslərin aylıq sosial sığorta haqqının məbləğinə Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0; Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5; digər şəhər və rayonlarda – 1,0. əmsalı tətbiq olunur.
Misal üçün hal-hazırda fəaliyyət ünvanı və növünə əsasən aylıq sosial sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanır:
- Bakı şəhərində bərbər fəaliyyəti göstərən şəxs 345 * 3% * 2 = 20.7 manat;
- Sumqayıt şəhərində fərdi baytarlıq xidməti göstərən şəxs 345 * 3% * 1.5 = 15.53 manat;
- Ağdaş rayonunda tədbirlərdə aparıcılıq fəaliyyəti göstərən şəxs 345 * 5% * 1 = 17.25 manat.
Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərənlərin də məcburi dövlət sosial sığorta öhdəlikləri birbaşa olaraq minimum aylıq əmək haqqı əsas götürülərək hesablanır.
Yada salaq ki, vergi məcəlləsində tərifi verildiyi kimi sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
Fərdi sahibkarların məcburi dövlət sosial sığorta öhdəlikləri birbaşa olaraq minimum aylıq əmək haqqı əsas götürülərək hesablanır və tikinti sahəsində fəaliyyət göstərənlər üçün aylıq əsaslarla minimum aylıq əməkhaqqının 50 faizi, digər sahələrdə fəaliyyət göstərən üçün isə 25 faizi miqdarında hesablanır.
Qeyd edim ki, bu şəxslərin aylıq sosial sığorta haqqının məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hesablanır.
Texnologiyalar parkının rezidenti, onun podratçısı və həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi əsasında həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən Azərbaycan vətəndaşı olan fiziki şəxslər üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq:
- minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya
- muzdlu işdən əldə edilən gəlirlərdən 25% miqdarında olmaqla ödənilir
Xüsusi notariuslar üzrə məcburi dövlət sosial sığorta haqqı – minimum aylıq əmək haqqının on mislinin 25 faizi miqdarında hesablanır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
- 5 hektaradək olduqda – 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;
- 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;
Qeyd edim ki, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasınnın Qanununa əsasən, ailə kəndli təsərrüfatı ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.
Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.
Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.
İcbari tibbi sığorta üzrə sığorta haqqlarının artımına təsiri
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər üçün də (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) icbari tibbi sığorta öhdəlikləri birbaşa olaraq minimum aylıq əmək haqqı əsas götürülərək hesablanır və bu minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir.
Orta aylıq əmək haqqı artımına təsiri
Minimum əmək haqqı artdığına görə avtomatik olaraq bu orta aylıq əmək haqqının artımına da öz təsirini göstərəcək.
İnflyasiyaya təsiri
Yekunda isə qeyd edək ki, bütün bu sadalananlar ümumimilikdə gəlirləri və xərcləri artıracağına görə inflyasiyanın da artmasına təsir göstərə bilər.
Elçin Əkbərov iqtisadçı, vergi mütəxəssisi