Aqrar

Azərbaycan Avropaya xurma ixracını artıra bilər

Azərbaycanın Avropa İttifaqı ölkələrinə xurma ixracı arta bilər.

Bunu “Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Qadir Yusifov bildirib.

“Artıq Azərbaycan xurması Macarıstan, Polşa, Çexiya və Estoniya kimi ölkələrə az da olsa ixrac edilib. Tədricən ixracın həcmi artacaq, məhsulumuz həmin bazarlarda özünə yer tutacaq. Biz eyni zamanda Moldova, Belarus, Qazaxıstana və Birləşmiş Ərəb Əmirliklərinə də xurma ixrac edirik”, – deyə o qeyd edib.

Q.Yusifovun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda 2022-ci ilə nisbətən 1,5 % çox – 187,1 min ton xurma istehsal edilib: “Bunun isə 164,9 min tonu ixrac edilərək 127,2 milyon ABŞ dolları gəlir əldə olunub. Bu isə illik müqayisədə 12,1% çox olmaqla 2015-ci ildən bəri rekord həddir”.

Bundan başqa, sədr deyib ki, ötən il Azərbaycanda 13,2 min hektar xurma bağı olub ki, bu da əvvəlki ilə nisbətən 0,8 % çoxdur. “Bağların 11,8 min hektarı və yaxud 89,4 %-i barverən yaşdadır. Onların 97,3 %-i ənənəvi, 2,7 %-i intensiv üsulla əkilən bağlardır. 2023-cü ildə xurma istehsalının 18,3 %-i Göyçay, 17,8 %-i Şəmkir, 12,1 %-i Ağdaş, 8,4 %-i Balakən, 5,6 %-i Samux, 5,2 %-i Bərdə, 4,3 %-i Goranboy, 4 %-i Tərtər, 3,6 %-i Xaçmaz, 3,6 %-i Zaqatala rayonu olmaqla, ümumilikdə 82,9 %-i 10 rayonun payına düşüb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)