Ani Ödənişlər Sistemi ilə bankomatlardan hesablara mədaxil imkanı yaradılıb
Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) reallaşdırdığı layihə çərçivəsində Ani Ödənişlər Sistemi (AÖS) ilə bankomatlardan hesablara mədaxil imkanı yaradılıb.
ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil etmək mümkündür.
Mədaxil prosesi zamanı əlavə heç bir bank rekvizitinin qeyd edilməsinə ehtiyac olmadan əsginasların toplu şəkildə bankomata daxil edilməsi imkanı istifadəçilər üçün mədaxil əməliyyatlarını daha sürətli və təhlükəsiz formada icra etməyə şərait yaradır.
Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.