ENA+

"Eldar Əzizov tapşırıq versə də, sökmədilər" - Şikayət

“Eldar Əzizov tikilinin qanunsuz olduğu üçün sökülməsini tapşırsa da, sökmədilər”.

Bu sözləri Xətai rayonu, S.Ə.Şirvani küçəsi mənzil 92-də yaşayan Elvira Dev müraciətində deyib. Bildirib ki, artıq bir neçə ildir ki, balkonunun qarşısında qanunsuz tikili fəaliyyət göstərir. Şikayətçi təhlükəsizlik baxımından həmin obyektin sökülməsi üçün bir çox quruma müraciət etsə də, hələ də müraciətinə baxılmayıb.

“Yanvarın 31-də Bakı şəhər icra başçısı Eldar Əzizovun qəbulunda oldum. Fotolara və təqdim etdiyim sənədlərə baxıb obyektin sökülməli olduğunu dedi. Bu işi Bakı şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılova tapşırdı. Növbəti gün əraziyə baxış keçirildi, ancaq obyekt sökülmədi, sadəcə 60 sm aşağı endirildi.

Vəziyyət belə olduqda mən yenidən quruma üz tutdum və bildirildi ki, E. Əzizovun tapşırığı olsa da, obyektin sökülməsi üçün məhkəməyə müraciət etməliyəm.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-ə müraciət etmişəm. Obyektin qanunsuz tikili olmasına dair sənədlərim var. Ancaq söküntü işi hələ də icra olunmur”.

Şikayətçi onu da qeyd edib ki, mağaza sahibi Eyvaz İsmayılov ona hədə qorxu gəldiyindən həyati təhlükəsizliyinin qorunması üçün polisə də müraciət edib.

“Qafqazinfo” şikayətlə bağlı Zülfəli İsmayılovla əlaqə saxlasa da, şöbə müdiri suallarımızı cavablandırmaq istəməyib. Sadəcə onu bildirib ki, obyekt 15 ildən çoxdur ki, fəaliyyət göstərir və məhkəmə qərarı olmadığı təqdirdə sökülə bilməz.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)