Kredit götürənlərə yeni təklif: Zamin axtarmaqdansa, həyatını sığortala
Mənə zamin durarsan?! Yəqin ki, heç birimiz zamin olmaq istəmərik və imtina nəticəsində yaxın dostların arasında belə ciddi problemlər yaranıb - bu, kredit almaq istəyən tərəfdən baxanda ən böyük problem idi.
Bu arayışları və sənədləri gətirə biləcəksiniz, zamininiz var? – Bu da bank tərəfdən ən problemli hissə idi.
Dünyanın hər yerində işləyir, biz niyə Azərbaycanda həyat sığortasını sata bilmirik? – sığortaçılar tərəfdən baxanda da bu mesaj daha güclü səslənir.
Təxminən bir il əvvəl Azərbaycanın bank və sığorta sektoru bu çətinliklər və maraq hədəfləri üzərində işləmək üçün Azərbaycan Beynəlxalq Bankının sədri Abbas İbrahimovun sədrliyi ilə Təşkilat Komitəsi yaratdılar. İşçi qrupda bankirləri təmsilən ABA, sığortaçıları təmsilən ASA, xüsusən də Paşa Həyat Sığortanın flaqmanlığı ilə həyat sığortası satan şirkətlər daha aktiv oldular (İşçi qrupun açıqlamasına görə-red). Paralel meqa tənzimləyici rolunda çıxış edən Azərbaycan Mərkəzi Bankı da sığorta sisteminin tənzimlənməsi ilə bağlı yeni qaydalar üzərində işləyirdi və bu islahatlara start verdi.
ASA-nın İdarə Heyətinin sədri Elmar Mirsalayevin sözlərinə görə, fiziki şəxslər istehlak krediti alarkən problem yaradan məqamlar öz həllini tapdı. Bundan sonra bütün banklar kredit satarkən alıcılara həm də həyat sığortası təklif edəcəklər. Kredit götürənə sərbəst şəkildə sığortaçını seçmək imkanı yaradılacaq və bütün sığorta şirkətlərinin təklifləri banklarda olacaq.
İlkin gözləntilərə görə, kredit götürdüyünüz bank yalnız bir sığortaçının məhsulunu satmağa çalışmayacaq, yəni demokratik, açıq yanaşma olacaq. Bunun üçün banklar 3 ay ərzində texniki sistemi sığorta şirkətlərinə inteqrasiya edəcək.
“Bu kredit götürmə prosesini asanlaşdıracaq və kreditlə bağlı riskləri azaldacaq”, - Elmar Mirsalayevin qiymətləndirməsi belədir.
95 faizin həyatı sığortalanmayıb
Həyat sığortası sektorunun lideri olan Paşa Həyat Sığortanın İdarə Heyətinin sədri Niyaz İsmayılov isə maraqlı data ilə həyat sığortasına nə qədər böyük ehtiyac olduğunu əsaslandırmağa çalışdı. Onun açıqlamasına görə, təhlil zamanı müəyyən olub ki, istehlak krediti götürənlərin 95 faizinin həyatı sığortalanmayıb. Yəni, bank sektoru kredit verərkən, xeyli sayda sənədlərin toplanması və zaminlik üzərində işləyir, bu isə prosedurların həcminin artmasına, kredit alanın, eləcə də bankın əlavə vaxt və resurs xərcləməsinə səbəb olur. Bunun əvəzinə kredit alanın həyat sığortasını da alması krediti daha rahat götürməyə imkan yaradacaq. Sığorta paketi istehlak krediti alanı həyatın ölüm halından və əmək qabiliyyətini itirilməsindən sığortalayacaq. Sığorta məbləğinin minimum məbləği kredit həcminə bərabər olacaq.
"Ayrıca xidmətdir"
Amma borcalanlar unutmasınlar ki, həyat sığortası ayrıca bir bir xidmətdir və alınan hər bir xidmətin dəyəri təbii ki, ödənilməlidir. ENA.az-ın bununla bağlı verdiyi suala cavab olaraq N.İsmayılov bildirib ki, sığorta tarifləri kredit faizlərindən əlavə qaydada müəyyən ediləcək. Orta hesabla həyat sığortası tarifi kreditin 1%-i həcmində hesablanacaq.
Yəni, hörmətli oxucular, kredit faizlərinin formalaşmasında müxtəlif amillər və risklər üzrə əmsallar rol oynayır. Məsələn, buraya səhmdar payından tutmuş, xidmətin dəyərinə qədər bir sıra əmsallar daxildir. Faizlərdə oturan paylardan biri də həyat sığortasının payı olacaq.
Nəticədə bu kreditləri bahalaşdıracaqmı?
Buna “xeyr” cavabı vermək bir qədər erkən görünsə də, real proqnozlardan biridir. Çünki bu halda bankların risk faktoru hesablaması üzrə faizləri kiçiləcək. Ərizə və sənədlərin bəzilərinə artıq lüzum olmayacaq, beləliklə, həm də sənəd dövriyyəsi kiçiləcək və bu da istənilən halda kreditin maya dəyərini ucuzlaşdıracaq. Başqa sözlə, banklar risklərin bir hissəsini sığorta şirkətlərinə ötürəcək. Bir nüans da var ki, həyat sığortası olan şəxs istehlak krediti götürdükdə ona ikinci dəfə bu paketi götürməyə ehtiyac yoxdur.