Sənaye

“40-cı qapının arxasındakı XƏZİNƏ”: Azərbaycanın makroiqtisadi sabitliyində Neft Fondu amili   

Ölkəmiz üçün iqtisadi “təhlükəsizlik yastığı” rolunu Azərbaycan Respublikası Dövlət Neft Fondu (Fond) oynayır. Sıravi Azərbaycan vətəndaşına gəlincə, Fondu daha çox nağıllardakı 40-ı qapının arxasındakı xəzinə kimi təsəvvür edir. Bu xəzinəyə boylanıb, hərə özünə çatacaq payı götürməyi arzulayır.

Bəlkə bu payı artıq götürmüşük?

Bugün təxminən il ərzində Fonda 10 milyard dollar vəsait daxil olur. Bu 10 milyardı 10 milyon vətəndaşımız arasında bölsək, bu ilə 1 min dollar edir. Və bu min dolları 12 aya bölsək, adambaşına 83 dollar düşür. Mütəxəssislər hesab edir ki, neft pulları belə xərclənsəydi, bununla Azərbaycan vətəndaşı varlanmayacaqdı, əksinə makroiqtisadi təlatümlər zamanı Fonddakı ehtiyatları olmasaydı, bu, təkcə ölkəmizin iqtisadi müstəqilliyinə deyil, hər birimizin həyatına çox mənfi təsir edərdi.     

Əslində bir də o tərəfi var ki, biz hər birimiz və gələcək nəsillər də bu paydan ciddi mənada bəhrələnmişik. Ola bilər ki, bu əllə tutulan nağd pullar olmayıb, amma ölkəmizin makroiqtisadi dayanıqlığı, artan hərbi xərclər fonunda büdcəyə transfertlərlə formalaşan güclü hərbi arsenalı, peşəkar zabitlərin yetişdirilməsi və nəhayətdə qəhrəman Milli Ordumuzun Qarabağı işğaldan azad etməsində iqtisadi imkanların rolu çox böyükdür. Həmçinin gənclərimizin xaricdə təhsil alması, paytaxta alternativ içməli suyun çəkilməsi, iş yerlərinin açılması üçün dövlət investisiya layihələri, ölkənin maliyyə dayanıqlığının qorunması, beynəlxalq dəmiryolu, neft-qaz ixracı kəmərlərinin çəkilməsi, təhsil sisteminin inkişafı və nəhayət 2024-cü il aprelin 1-nə olan məlumata görə 57 milyard 372,8 mln. ABŞ dolları ehtiyatla dövlətimiz regionda daha güclü mövqeyə sahibdir. Bir sözlə, Azərbaycan Respublikası Dövlət Neft Fondu ölkəmizin makroiqtisadi inkişafında xüsusi yeri ilə hər birimizin həyatına təsir edib və bunu etməkdə davam edir.

Fond niyə lazım idi və ya “Holland sindromu” təhlükəsi

Fondun yaranması məqsədinə nəzər salaq. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş yeni sazişlərin imzalanmasına geniş yol açdı və “qara qızılın” boru kəmərləri ilə ixracının başlanması ölkəyə böyük həcmdə gəlirlər gətirdi. O dövrdə planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrünü yaşayan Azərbaycan iqtisadiyyatı isə bu gəlirləri mənimsəmək iqtidarında deyildi, bütün beynəlxalq iqtisadi qurumlar ölkəmizə “Holland sindromu”nun simptomları barədə xəbərdarlıq edirdi. Bəs, nədir Holland sindromu?

Sadə dillə desək, neft və qazın qiyməti artdığı vaxt ölkəyə böyük neft pulları daxil olur, ticarət balansında (yəni əmtəə ixracı ilə idxalı arasında fərqdə-red.) iri həcmli əlavə pullar (müsbət saldo-red) yaranır. Bu profisit valyuta bazarına birbaşa daxil olduqda məzənnəyə təzyiq artır. Nəticədə milli valyuta bahalaşır və milli istehsala maraq qalmır, idxal isə ucuzlaşdığı üçün xaricdən almaq istəyi artır. Manatın bahalaşması nəticəsində yaranan “rahatlıq ” yerli istehsala iqtisadi tələbat yaratmır və nəticədə iqtisadiyyatın bir sektorda cəmləşməsinə, qalan məhsul və xidmətlərin hamısının idxaldan asılılığına səbəb olur.

Belə şəraitdə ixrac edilən  məhsulun qiymətində kəskin və qalıcı ucuzlaşma isə ölkəyə daxil olan valyutanın məbləğinin sərt şəkildə azalmasına, nəticədə idxal üçün dollara tələbatın ödənilməsində problem yaranmasına səbəb olur. Bu proses domino effekti daşıyaraq, dollara tələbatı artırır, milli valyutanı kəskin ucuzlaşdırır, iqtisadi tənəzzülə, maliyyə böhranına, makroinflyasiyaya səbəb olur. Bütün bunların qarşısını almaq üçün neft gəlirlərinin saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaranmasına ehtiyac vardı.

 

Tarixi qərarlardan birinin tarixi

Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olmuş İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi. Nəticədə ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Suveren fondlar müxtəlif məqsədlə yaradılır,  ARDNF-in məqsədi isə neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin etməkdir. Beləliklə, Fondun yaranması həm də ona görə əlamətdar hadisə idi ki, neft gəlirləri və onların xərclənməsində şəffaflıq və hesabatlılıq yarandı.

Xarici fondlardan nümunədə...

Azərbaycanın Neft Fondunun fəaliyyətinə, xüsusiyyətlərinə baxdıqda daha çox Norveç Neft Fondunun nümunəsində yaradıldığı demək olar. Norveç Neft Fondu hazırda 1,4 trilyon dollar dəyərindədir və dünyanın ən böyük suveren sərvət fondudur. Norveç dünyanın 8-ci ən böyük neft istehsalçısı və 3-cü ən böyük təbii qaz istehsalçısıdır. Neft sənayesi Norveçin bütün ixracının 40-70%-ni təşkil edir. Bu fond 69 ölkədə 9 mindən çox səhmləri olan dünyadakı bütün ictimai şirkətlərin 1,5%-nə sahibidir. Avropa səhmlərinin ən böyük investorudur. Apple, Amazon, Unilever, Microsoft və Visa kimi minlərlə fərdi şirkətdə səhmlərə malikdir. London, Nyu-York, Berlin və Tokio kimi şəhərlərdə yüzlərlə mülkə və daşınmaz əmlaka sahibdir. Hər il öz gəlirinin ən çoxu 3%-ni Norveç büdcəsinə köçürür. Bu pullar isə səhiyyə, işsizlik müavinəti, pensiya, infrastruktur layihələri və təhsil kimi sosial xidmətlərə dəstək vermək məqsədi daşıyır. Fond gələcək nəsillər üçün davamlı gəlir mənbəyi əldə etmək üçün xaricə investisiya yatırır. Körfəz ölkələrindəki suveren neft fondları da makroiqtisadi sabitlik, sosial-iqtisadi layihələrin maliyyələşməsi və istehlak ilə gəlirlər arasında hamarlama ehtiyaclarında dərhal işə düşür və sabitləşdirmə funksiyasını həyata keçirir. 

İlk vəsait: 270 milyon dollar

İlk dəfə 2001-ci ildə 270,9 milyon ABŞ dolları məbləğində ilk vəsait Fondun hesabına köçürülüb. 2023-cü ilin yekun hesabatına görə, Fondun ehtiyatları 56,1 milyard ABŞ dolları olub. Ümumi portfelin 57,7% və ya 32,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 24,3% və ya 13,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya edilib. Portfelin 6,0% və ya 3,3 milyard dollar hissəsini daşınmaz əmlak, qalan 12,0% və ya 6,8 milyard dollar hissəsini isə qızıl investisiyaları təşkil edir. 2023-cü ilin sonuna Fondun investisiyaları ümumilikdə 63 ölkə və 17 valyutanı əhatə edib. (Müqayisə aparsaq, pis nəticə deyil, vəsaitlər yüksək şəkildə diversifikasiya olunub: Norveç 69 ölkəni əhatə edir-red). İnvestisiya portfelinin  32,7%-i Şimali Amerikaya, 30,5%-i isə Avropanın payına düşüb.

 

“Bir güllə ilə üç hədəf”

Yuxarıdakı rəqəmlərdən göründüyü kimi, yarandığı vaxtdan indiyə qədər Fondun gəlirləri 196,7 milyard dollar olub. Bu vəsaitin 125 milyard dolları və ya 63,7%-i dövlət büdcəsinə köçürülüb.

Fondun tarixi missiyasının uğurlu icrasına baxdıqda çox aydın mənzərə var: sosial-iqtisadi inkişaf, makroiqtisadi sabitlik, fiskal dayanıqlıq.  

Fiskal dayanıqlıqdan başlayaq. Fond 2003-cü ildən Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edir. Nəticədə neft gəlirlərinin bir hissəsi dövlət büdcəsi xərcləri formasında sosial və iqtisadi layihələrin gerçəkləşməsinə yönəldib.

Qeyd edək ki, 2024-cü il aprelin 1-nə olan məlumata görə, dövlət büdcəsinə 149 milyard 541,4 milyon manat köçürülüb. Təkcə 2023-cü ildə dövlət büdcəsinə 11 737,6 milyon manat məbləğində transfert edilib ki, bu vəsait dövlət büdcəsinin gəlirlərinin ( 35 574,8 milyon manat) 33,0 %-ni təşkil edib. Eyni zamanda, transfert dövlət büdcəsi xərclərinin (36 458,5 milyon manat) 32,2 %-ni tutur.  

Həmçinin büdcəyə manatla ödənilən, lakin dollarla ifadə olunan vəsaitlər valyuta hərracına çıxarılaraq banklara satılır ki, dollarla ödəmələri həyata keçirmək üçün valyuta ehtiyacını qarşılasın. Nəticədə idxalçı şirkətlərin dollara olan ehtiyacları ödənilir, bu yolla manatın məzənnəsi, eyni zamanda manatın ucuzlaşmasının inflyasiyada tutduğu böyük payını da bloklayır. Fondun ehtiyatlarının həcmi Azərbaycanın suveren kredit reytinqinin formalaşmasında mühüm amildir. Bu rezervlər sayəsində ölkəmizə qarşı risk meyarları aşağı düşür və Azərbaycan ona lazım olduqda, daha aşağı faizlə və rahat borclanmaya gedə bilir. Necə deyərlər, məşhur bir ifadəni bir az dəyişsək, bir güllə ilə ikidən çox, üç hədəfi birdən vurur.

Neft pulları nəyə xərclənib?

Xarici suveren fondların təcrübəsində olduğu kimi, Azərbaycan Dövlət Neft Fondu da həm indiki, həm də gələcək nəsillərin fondudur və ölkənin iqtisadi stabilliyinin qorunmasında və inkişafında iştirak edir.  Rəqəmlərə əsaslansaq, 2023-cü ilin yekunlarına görə, 196,7 milyard dollar gəlirlərdən 56,1 milyard dollar ehtiyat qalıb. Yəni, gəlirlərin 71,5%-i xərclənib, nəyə xərclənib, bunun üçün cədvələ diqqət yetirək.

Layihə

Məbləğ, milyon manat

BTC ixrac boru kəmərinin maliyyələşdirilməsi

297.9

Qaçqın və məcburi köçkünlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması

2702.7

Oğuz-Qəbələ-Bakı su kəməri

779.6

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması

1 469.6

Dövlət büdcəsinə transfert

149 541.4

Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi

90.0

Bakı-Tbilisi-Qars dəmiryolu

748.6

Xaricdə təhsil üzrə dövlət proqramı

212.7

Star Neft Emalı Kompleksinin tikintisi

1 663.3

AÇG layihəsində ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsi

87.6

Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi

1 530.3

Azərbaycan Respublikasının Mərkəzi bankına transfert

3 949.5

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı

69.6

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair – 2022 – 2026-cı illər üçün dövlət proqramı

56.6

 

“Ehtiyat yaraşıqdır”

Neftin ən yüksək satış qiyməti indiyə qədər 140 dollar olub. Amma 2015-2016-cı illər qlobal neft bazarında ən pis dövr sayılır, çünki bu dövrdə neftin 38 dollara düşməsi faktı qeydə alındı. Halbuki, 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 100 dollar götürülmüşdü. Beləliklə, ölkənin gəlirləri sərt şəkildə azaldı, xərclər isə qüvvədə idi. Böhranın dərinləşməsinin qarşısını almaq məqsədilə Fond və Mərkəzi Bank strateji valyuta ehtiyatlarından istifadə etdi. Başqa sözlə desək, Fondun “təhlükəsizlik yastığı” funksiyası işlədi və Fond ənənəvi valyuta satışından əlavə Azərbaycan Mərkəzi Bankına makroiqtiadi sabitliyin qorunub saxlanması üçün pul ayırdı. ARDFN-nun büdcə məlumatlarına görə, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi 7 milyard 500 milyon manat təşkil etdi, bu isə dollarla ifadədə təxminən 4 milyard yarım valyuta demək idi. Nəticədə Fond, Azərbaycanda makroiqtisadi sabitliyin bərpa olunmasında mühüm rol oynadı, sabit məzənnə iqtisadi tənəzzülün qarşısını aldı.

“Fondum var!”

Pul, yüksək qazanc təkcə insanı yox, dövlətləri də dəyişir və bu, inkar edilə bilməz. Müstəqil neft strategiyası nəticəsində Azərbaycanın imici, nüfuzu, məzmunu dəyişib. Ölkəmiz müstəqilliyinin ötən 32 ilində torpaqlarının azad olunması üçün iki böyük müharibəni yaşayıb, milyonlarla qaçqın və məcburi köçkünün yenidən həyata bağlanmasını, böyük maddi və mənəvi itkilər, dağıntılar qarşısında dayanmadan qurub yaratmağı, minlərlə qəhrəman şəhidinin ailəsinə, qazisinə qayğı göstərməyi, eyni zamanda ordu qurmağı, iqtisadi cəhətdən inkişaf etməyi, siyasi qərarlarda müstəqilliyini qorumağı bacarıb. Bu taleyüklü məsələlərin həllində Azərbaycanın suveren fondu kimi çıxış edən Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri mühüm paya malikdir. Və bütün bu xərclər nəticə etibarilə gələcək nəsillərin suveren, iqtisadi və sosial cəhətdən inkişaf etmiş bir ölkədə sülh şəraitində, qalib ölkənin vətəndaşları kimi yaşamasına hədəflənib.

P.S. Bu il Azərbaycan Dövlət Neft Fondunun yaradılmasından 25 il ötür. Bu əlamətdar tarix münasibətilə ilk növbədə hər bir vətəndaşımızı və Fondun kollektivini təbrik edirik. Yazını hazırlamaqda əsas məqsədimiz isə ölkəmizin siyasi, ictimai, iqtisadi həyatında mühüm rolu olan suveren Fondumuz haqqında fikirlərə aydınlıq gətirmək və onun bəzən üzdə görünməyən, amma çox ciddi rolu haqqında qısa məlumatlandırma aparmaq idi. Ölkəmizin inkişafı naminə hər bir vətəndaşımıza uğurlar arzu edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)