Türk dövlətləri arasında ötən il xarici ticarətdə ən yüksək saldo Azərbaycan və Qazaxıstanda qeydə alınıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk iqtisadi icmalı”nın 2023-cü ilin yanvar-dekabr aylarını əhatə edən növbəti sayını təqdim edib.
Mərkəzdən bildirilib ki, iki bölmədən ibarət icmalın birinci bölməsində TDT-ə üzv və müşahidəçi dövlətlərin ümumi baxış statistikasında qeyd olunub ki, 2022-ci il üzrə türk dövlətlərinin ÜDM-i 1537,0 milyard dollar, ticarət dövriyyəsi 1192,7 milyard dollar təşkil edib. 2023-cü il üzrə Türkiyə iqtisadiyyatı 4,5 faiz, Azərbaycan 1,1 faiz, Özbəkistan iqtisadiyyatı 6 faiz, Qırğızıstan iqtisadiyyatı 6,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 5,1 faiz böyüyüb. TDT-də müşahidəçi qismində iştirak edən Macarıstanda isə 2023-cü il üzrə 0,9 faiz iqtisadi geriləmə qeydə alınıb.
Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 86,1 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 176.687,2 milyon dollar olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 17.515,6 milyon dollar) və Azərbaycan (ticarət balansı 10.297,9 milyon dollar) malikdir. 2023-ci ilin yanvar-dekabr ayları ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.
“Türk iqtisadi icmalı”nın ikinci bölməsində isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin yanvar-dekabr ayları üzrə, Şimali Kipr Türk Respublikasının isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.