BİZNES

Azərbaycan əhalisinə Gədəbəy qızılı satılacaq

AzerGold”QSC fevralın 22-də Bakıda Azərbaycan istehsalı olan qızıl və gümüşdən hazırlanan sikkə və külçələrin təqdimatını keçirəcək.

"BI" xəbər verir ki, bu barədə cəmiyyətin sədri Zakir İbrahimov məlumat verib.

«Sikkə və külçələrin ilk partiyası məhdud sayda buraxılıb. Bu məhsulun təqdimatı fevralın 22-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Sikkə və külçələr İsveçrənin affinaj şirkəti (“Argor-Heraus” – İF-Az) tərəfindən zərb edilib. Bu layihə yerli sahibkarlığın dəstəklənməsi və daxili bazarın inkişafına yönəlib», – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

 

Eləcə də bax: Azərbaycanın ən məşhur şirkətləri açıqlandı - SİYAHI



«Hazırda “AzerGold” «Azersuvenir» MMC ilə sikkə və külçələrin bilavasitə ölkə daxilində zərb edilməsinin təşkili ilə bağlı danışıqlar aparır», – deyə sədr qeyd edib.Z.İbrahimovun sözlərinə görə, sikkə və külçələr Azərbaycanda sertifikatlaşdırılmış zərgərlik mağazaları vasitəsilə satışa təklif olunacaq.

Xəbər verildiyi kimi, “AzerGold” QSC 2018-ci ilin avqust ayında “AzerGold” brendi ilə qızıl və gümüş sikkə və külçələrin satışını həyata keçirməyi planlaşdırdığını elan edib.

İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin “Heydər Əliyev Mərkəzi”, “Qobustan” və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd ediləcək”, – deyə məlumatda bildirilir.

“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)