Zamirə Hacıyeva olayı iqtisadiyyatımızın dönüş nöqtəsi kimi
ZAMİRƏ HACIYEVA OLAYI İQTİSADİYYATIMIZIN DÖNÜŞ NÖQTƏSİ KİMİ (yerli korrupsionerlər təşvişdə! kapitalların amnistiyasi üçün əla məqamdır!)
İngiltərədə Zamirə Hacıyevanın əmlakının müsadirəsi Azərbaycan kimi ilkin kapitalın toplanma dövrünü yaşayan ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, ilkin iri kapital, bir qayda olaraq, cinayət yolu ilə əldə edilir. Sonra isə hər şey sıfırdan başlanır və qanunçuluq bərqərar olur. Həmişə və hər yerdə belə olub.
Qərbdə bu, əsrlər öncə olub. Məhz buna görə də çirkli pullarla mübarizə məsələsində Qərb hazırda daha qətiyyətlidir. Mənbəyi məlum olmayan, yəni böyük ehtimalla qanunsuz gəlirlər hesabına əldə edilmiş əmlakın müsadirəsi təcrübəsinə Qərbin mənəvi lideri olan İngiltərə başladı. Aydın məsələdir ki, bu təcrübə yaxında digər Qərb ölkələrində də yayılacaq.
Bu isə o deməkdir ki, Azərbaycan kimi iri kapitalın, bir qayda olaraq, korrupsiya yolu ilə əldə edildiyi ölkənin zənginləri (məmurlar və onlarla əlbir olan sahibkarlar) Qərb ölkələrinə qoyduğu sərmayələri itirə bilər. Məlum olduğu kimi, Azərbaycanda mənfəətlə işləyən şirkət azdır, iri şirkətlər isə demək olar ki, yoxdur. Yüksək gəlirlər əsasən kölgə iqtisadiyyatı hesabına olub. Hətta qanuni gəlirləri də savadlı şəkildə rəsmiləşdirə bilməyiblər əksər hallarda. Odur ki, xaricdə əmlakının qanuni mənbəyini sübut edə bilən varlılarımız azdır. Buna görə də hazırda onlar təşvişdədir. Əlbəttə, onların çoxunun Rusiya, habelə BƏƏ kimi müsəlman ölkələrində də əmlakı var. Lakin təbii, Qərbə etibarları daha çoxdur (geosiyasi liderlik və qanunçuluğun yüksək səviyyəsi səbəbindən) və əmlakların əksəriyyəti məhz oradadır. Buna görə də hazırda zənginlərimiz istər-istəməz xaricə çıxardıqları əmlakın müəyyən hissəsini Azərbaycana qaytarmaq istəyəcək.
Dövlətimiz də bundan istifadə etməlidir. Necə? Ən başlıcası kapitalların amnistiyası həyata keçirilməlidir. Yəni hər kəs qeyri-leqal əmlakını bəyan etməklə və müəyyən vergi (məsələn, 10%) ödəməklə həmin əmlakı leqallaşdırma imkanına malik olmalıdır. Həmin əmlakın mənbəyi ilə maraqlanmaq lazım deyil. Təki əmlak ölkəmizin iqtisadi inkişafına xidmət etsin. Amma eyni zamanda dövlət bəyan etməlidir ki, amnistiya üçün müəyyən edilən dövr (1-3 il) bitəndən sonra müəyyən edilən qanunsuz əmlak müsadirə ediləcək və sahibi cinayət məsuliyyətinə cəlb olunacaq.
Lakin bütün bunlarla bərabər köklü hüquqi islahatlar, o cümlədən qanunvericilik islahatları (Mülki Məcəllədən başlayaraq) aparılmalıdır. Məhkəmə islahatları aparılmalıdır: hakimlər müstəqil, ədalətli və savadlı olmalıdır. Çünki zənginlər, sahibkarlar yalnız əminlik şəraitində fəaliyyət göstərə bilər. Oyun qaydaları şəffaf və dəqiq olmalı, onlara riayət edilməlidir. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bundan asılıdır!
Gözəl şansımız var! Qərb yeni təcrübəyə Azərbaycan vətəndaşından başladı. Bizdən oğurlanan pulları özünə götürdü. Odur ki, biz də elə etməliyik ki, ölkəmizdən daha heç kəs qanunsuz pul çıxarmasın, hamı vəsaitini Azərbaycanın inkişafına sərf etsin. Biz də birinci olaq!