İran pulu kəskin ucuzlaşır - SƏBƏBLƏR
İran 40%-dən yuxarı inflyasiya ilə mübarizə apardığı üçün rial son dörd ayda azad bazarda ABŞ dolları qarşısında 17% dəyər itirib.
ABŞ və İran arasında birbaşa hərbi qarşıdurma riskinin artması Yaxın Şərq ölkəsinin iqtisadiyyatına ağır zərbə vurur: onun valyutası rial son aylarda ABŞ dollarına nisbətdə ucuzlaşır.
Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı birləşmələrin ABŞ-ın mövqelərinə qarşı hücumlarının intensivləşməsi bu qorxuları artırır və İran iqtisadiyyatına artan təzyiqlər yaradır.
Rial mərkəzi bank tərəfindən rəsmi olaraq tanınmayan sərbəst bazarda kəskin devalvasiyaya məruz qalıb.
HƏMAS-ın İsrailə hücumundan bir gün əvvəl, oktyabrın 6-da Tehranın sərbəst bazarında dollar 498 min riala bərabər idi. Yanvarın 29-u günortadan sonra - İranın dəstəklədiyi husilərin İordaniyadakı ABŞ hərbi bazasına hücumundan bir gün sonra - məzənnə 582,500 riala çatıb ki, bu da son 11 ayda ən aşağı göstəricidir.
Bu arada, bazar ertəsi bir avro 630,500 riala bərabər olub ki, bu da Tehran valyuta bazarında tarixi rekorddur.
Analitiklər hesab edirlər ki, İran və ABŞ arasında birbaşa hərbi qarşıdurma ilə bağlı narahatlıqlar rialın cəmi bir neçə ay ərzində 17% zəifləməsinə əsas təsir göstərib.
İranlı ev təsərrüfatları 2023-cü ilin dekabrında 40%-dən bir qədər yuxarı olan və apreldə 55,5%-lik zirvədən aşağı olan inflyasiya ilə mübarizə apararkən dollar almaqla əmanətlərini sığortalamağa çalışırlar.
İranda 2018-ci ildən bəri inflyasiya 10%-dən aşağı olmayıb.
Lakin İran Mərkəzi Bankı sərbəst bazarın məzənnəsini qəbul etmədiyini dəfələrlə bildirib. Mərkəzi Bank 6 oktyabr 2023-cü il tarixindən etibarən İran Valyuta Mərkəzinin müəyyən etdiyi 4,1% artaraq bir dollar üçün 429 210 riala çatan məzənnəni rəsmi hesab edir.
İran parlamentinin iki il əvvəl təsdiq etdiyi qanuna görə, azad bazarda xarici valyutanın alınıb-satılması qaçaqmalçılıq sayılır və cəzalandırılır.
İran Mərkəzi Bankı həmçinin valyuta dəyişmə büroları vasitəsilə əhaliyə sərbəst şəkildə valyuta satışını qadağan edib və şəxsi bank hesablarından rialların köçürülməsini də məhdudlaşdırıb.
Potensial müharibə qorxusu valyuta bazarından Tehran Fond Birjası üzərinə də çökdü, indeks (TEDPIX) bazar ertəsi günortadan sonra təxminən 1% və son 40 gündə ümumilikdə 4% -dən çox dəyər itirdi.
Bu arada İranda hökumət rəsmiləri maliyyə bazarlarındakı təlatümlərin sosial mediada qeyri-qanuni valyuta brokerlərinin fəaliyyəti ilə bağlı olduğunu iddia edir və ictimaiyyəti hər şeyin tezliklə yoluna düşəcəyinə əmin edir.