Rəqəmsal İqtisadiyyat Strategiyasının bu il təsdiq edilməsi gözlənilir
İqtisadiyyat Nazirliyinin hazırladığı Rəqəmsal İqtisadiyyat Strategiyasının bu il təsdiq edilməsi və icrasına başlanılması gözlənilir.
Bunu nazirlik yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
“Sənəd Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyasındakı “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi” tədbiri çərçivəsində hazırlanıb. Rəqəmsal İqtisadiyyat Strategiyası 2030-cu ilə qədər olan dövrü əhatə edir. Onun icrası çərçivəsində 60-dan artıq layihə həyata keçiriləcək, 4SİM texnologiyaları geniş tətbiq ediləcək”, – deyə o qeyd edib.
Rəqəmsal İqtisadiyyat Strategiyası ölkədə davamlı və rəqabət qabiliyyətli rəqəmsal iqtisadiyyatın formalaşdırılmasına, Azərbaycanın müvafiq sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilməsinə, rəqəmsal iqtisadiyyatın ölçülməsinı, həmçinin koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsinə xidmət edəcək. Bununla yanaşı, sözügedən sənəd ölkəmizdə rəqəmsal infrastruktur və xidmətlər, müvafiq sahədə qanunvericilik, maliyyə resurslarının əlçatanlığı və rəqəmsal bacarıqların inkişaf etdirilməsi də daxil olmaqla rəqəmsal iqtisadiyyatın bütün komponentləri üzrə inkişaf istiqamətlərini müəyyən edəcək milli strategiya sənədidir.