Nazir müavini: Sahibkarlar da bu məsələdə güzəştlərdən yararlana biləcək
“İstehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması istiqamətində ciddi işlər gedir”.
“BI” xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması ilə bağlı infrastrukturun yaradılması istiqamətində tədbirlər görülür: “Artıq bir neçə müəssisədə, yanacaqdoldurma məntəqələrində, ticarət müəssisələrində yeni nəsil kassa aparatları quraşdırılıb. Bu kassa aparatları real vaxt rejimində işləyir. Yəni, nəzarət-kassa aparatına çek vurulan məqamda həmin göstəricilər Vergilər Nazirliyinin bazasında görünür. Bu, hələlik test rejimindədir. Biz indiki halda hansı sualların ortaya çıxacağını müəyyənləşdiririk. Qaytarılma mexanizmi ilə bağlı çoxlu müraciətlər olur. Bu, çox sadə mexanizmdir. Qanunvericiliyə əsasən malların geri qaytarılma müddəti, yəni 15 gün keçəndən sonra bu vəsaitlər avtomatik olaraq alıcının, vətəndaşın bank hesabına qaytarılmalıdır. Amma bu yeni nəsil kassa aparatları quraşdırılan yerdə mümkün olacaq. Biz ümid edirik ki, həm alıcılar, həm satıcılar burada maraqlı olduğundan yeni nəsil kassa aparatlarının tətbiqinə mümkün qədər tez başlayacaqlar. Çünki, alıcılar POS-terminal vasitəsi ilə ödəniş aparılanda 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq. Sahibkarlar da bu məsələdə güzəştlərdən yararlana biləcək”.
S.Ələkbərov qeyd edib ki, Vergilər Nazirliyi ilin sonuna qədər iri şəhərlərdə yeni nəsil kassa aparatlarının quraşdırılması prosesinin başa çatmasına çalışacaq.
“Daha sonra digər şəhər və rayonlarda da yeni nəsil kassa aparatlarının quraşdırılmasına başlanacaq. Biz çalışırıq mümkün qədər bu proses tez olsun. Bilirsiniz, bu, çox rahatlıq yaradacaq. Yəni, yeni nəsil kassa aparatları quraşdırılandan sonra məlumatların bir çoxu kassa çekində öz əksini tapacaq, biz yoxlama aparmayacağıq. Yəni, yoxlamalara ehtiyac qalmayacaq. Bizim də işimiz asanlaşacaq. Ən vacibi odur ki, vergi ödəyicilərinin işi asanlaşacaq və vətəndaşlarımız da bundan qazanacaq”, - deyə S.Ələkbərov vurğulayıb.