Netanyahu Fələstin dövlətçiliyi ideyasını qəbul etmir
İsrailin baş naziri Benyamin Netanyahu bu gün ümummilli mətbuat konfransı zamanı Qəzza zolağında əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaradılmasını mümkün hesab etmədiyini və bu mövqeyi ABŞ-yə bildirdiyini bəyan edib.
“Netanyahu Fələstin dövlətçiliyi ideyasını rədd edib və bu mövqeyi amerikalıların diqqətinə çatdırdığını bildirib”, – deyə “Associated Press” qeyd edib.
“İstənilən gələcək razılaşmalara görə (…) İsrailin İordan çayının qərbindəki bütün ərazilər üzərində təhlükəsizliyə nəzarət etməsi vacibdir. Bu, suverenlik ideyasına ziddir. Bu halda biz nə edə bilərik? Baş nazir dostlarımıza “yox” deməyi bacarmalıdır”, – deyə Netanyahu vurğulayıb.
“The Times of Israel” nəşrinin məlumatına görə, Netanyahu qeyd edib ki, bu cür siyasət İsrailin ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırmağa davam etməsinə mane olmayacaq.
Onun sözlərinə görə, İsrail HƏMAS qruplaşması tamamilə məğlub olana qədər mübarizəni davam etdirəcək, lakin qələbə uzun aylar çəkə bilər. Qəzzada İsrail üçün təhlükənin bir daha olmayacağına nail olmaq lazımdır. Söhbət həm də bu anklavdakı birləşmələrin tərksilah edilməsindən, İsrailin ərazi üzərində təhlükəsizliyə və Qəzzaya yük tədarükünə nəzarət etməsindən gedir.