İnhisarçılıq etmək istəyən 24 biznes subyekti cərimələnib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2023-cü ildə antiinhisar qanunvericiliyinin pozuntusuna yol vermiş 24 biznes subyektinə maliyyə sanksiyaları tətbiq edib. Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
“Tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği 649,6 min manat təşkil edib. Bundan başqa, lazımi məlumat və sənədlərin təqdim edilməməsinə görə 3 bazar subyektinə ümumilikdə 148,2 min manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib. 26 sahibkarlıq subyekti isə müstəqil şəkildə pozuntuları aradan qaldırıb”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
M.Abbasbəyli qeyd edib ki, 2023-cü ildə Dövlət Xidməti tərəfindən 48 işə baxılıb. “Bir sıra işlər baxılma mərhələsindədir”, - deyə o əlavə edib.