İnşaat və əmlak

Əmlak satışında yeni tələb: sorğu, yoxsa deklarasiya?

Son günlər bəzi xəbər saytlarında, eləcə də sosial media hesablarında əmlak alğı-satqısı zamanı notariuslar tərəfindən 20 min manatdan yuxarı əməliyyatlar üçün deklarasiyanın tələb olunmasına dair məlumatlar yayılıb. Bəziləri hətta irəli gedərək insanların belə əməliyyatlardan imtina etdiklərini, bu tələbin qanunsuz olduğunu iddia edirlər. Bəs məsələnin əsl mahiyyəti nədir? Notariuslar  əmlak alğı-satqısı zamanı həmin vəsaitin mənbəyi barədə suallar verməsini necə əsaslandırmaq olar?

ENA.az bu suallara aydınlıq gətirməyə çalışıb.

Məsələ notariuslarla bağlı olduğu üçün ilk öncə soğrumuzu Ədliyyə Nazirliyinə yönləndirdik. Nazirlikdən bildirilib ki, əmlak satışı zamanı notariuslar tərəfindən 20 min manatdan yuxarı əməliyyatlar üçün vətəndaşlardan əldə edilən vəsaitlər barədə məlumat toplanması Maliyyə Monitorinq Xidmətinin tövsiyəsi əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən isə soğrumuza cavab olaraq bildirilib ki, vətəndaşların gəlirləri barədə sorğu-sual edilməsi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununa əsaslanır:

“2009-cu ildə qəbul edilən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı” mübarizə haqqında və 2023-cü ilin fevralından onu əvəz edən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarının hər ikisi notariusları öhdəlik daşıyan şəxs, yəni, monitorinq və uçot aparan şəxs kimi müəyyən edib. Notariuslarla yanaşı maliyyə institutları, rieltorlar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər də bu kateqoriyaya daxildir. Öhdəlik daşıyan şəxslər Qanunun 4-cü maddəsinə uyğun olaraq digər hallarla yanaşı, daşınmaz əmlakın alqı-satqısı zamanı 20 min manat və ya ondan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı əməliyyatdan əvvəl müştəri uyğunluğu tədbirləri tətbiq etməlidirlər”. 

Qeyd edək ki, müştəri uyğunluğu tədbirləri müştərinin eyniləşdirilməsi, eyniləşdirmə məlumatlarının verifikasiyası, işgüzar münasibətlərin məqsədinin və mahiyyətinin aydınlaşdırılması, mənbəyinin öyrənilməsi və bu barədə müştəridən məlumat və sənədlərin əldə edilməsi və digər tədbirləri əhatə edir.

Xidmətdən onu da vurğulayıblar ki, müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə olunan məlumatlar müştəri profilində uçotun aparılması üçün istifadə olunur və  hər hansı hüquqi nəticə yaratmır: “Qeyd edilməlidir ki, 2009-cu ildən etibarən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qəbul edilən normativ aktlar FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) Tövsiyələrinin implementasiyası məqsədi daşıyır. FATF Tövsiyələri bu sahədə dünyanın bütün ölkələri tərəfindən tətbiq edilən beynəlxalq standartlardır”.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi" ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində dövlət qurumları öz fəaliyyət proqramlarında bu məsələni prioritet olaraq qəbul edir və mübarizə üsullarını ölkə qanunvericiliyinin imkan verdiyi formada həyata keçirməyə çalışır. Bunu fəaliyyət proqramlarına daxil edirlər:

“Apardığımız monitorinq və söhbətlərdən məlum olur ki, notariat kontorlarına adıçəkilən sərəncamın icrası məqsədilə diqqətli olmağı və müxtəlif anket məlumatları əsasında dövriyyədə olan pul vəsaitlərinin mənbəyinə dair məlumatların toplanmasında vətəndaşlarla birgə fəal iştirak etmək tövsiyə olunub. Bu zaman sadəcə anket məlumatı formasında pulun haradan əldə olunması soruşula bilər ki, bu rəsmi sənəd, deklarasiya deyil. Bu baxımdan notariat kontorlarında daşınmaz əmlaklarla bağlı əməliyyatların aparılmasında narahatçılıq, ləngimə, gecikmə halları qeydə alınmır və narahatçılıq üçün əsas yoxdur”.

Bəs vətəndaşların bu cür soğruya çəkilməsi alğı-satqılara, ümumiyyətlə, daşınmaz əmlak bazarına hansısa formada təsir edirmi? R.Osmanlı bildirib ki, bu proses bazara və əməliyyatların gerçəkləşməsinə heç bir formada təsir etmir. Çünki sorğunun arxasında sənəd dayanmır: “Hətta notariat əməliyyatları zamanı notariuslar müqavilələri tərtib etdikdən sonra baş idarəyə göndərib onlardan təsdiq üçün viza istəyirlər. Bu anket məlumatı orada belə nəzərə alınmır. Bu sadəcə sorğudur və narahatlıq yaradan məsələ deyil”.

Beləliklə, notariuslar daşınmaz əmlak alğı-satqısı zamanı sosial mediada qeyd edildiyi kimi deklarasiya tələb etmir. Sadəcə qanuna uyğun olaraq vətəndaşlardan gəlirlərinin mənbəyini soruşur. Bu isə əmlak alışları zamanı heç bir narahatlığa əsas vermir. Vətəndaşlardan sadəcə doğru məlumat verilməsi tələb olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)