BİZNES

Dövlət sahibkarlara nə qədər güzəştli kredit verib? - AÇIQLAMA

2023-cü ildə Azərbaycanda Sahibkarlığın İnkişafı Fondu (SİF) xətti ilə biznesin güzəştli krdeitləşməsinin həcmi 193,8 milyon manat təşkil edib. Bu barədə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev məlumat verib.

Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda SİF-in xətti ilə sahibkarlara 145,9 milyon manat məbləğində kredit verilib. Beləliklə, 2023-cü ildə kreditləşmənin həcmi 32,8% artıb.

“2023-cü ildə SİF-in xətti ilə 193,8 milyon manat güzəştli kredit verilib. Kreditlər ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə verilib”, - Xaliyev çərşənbə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ildə kreditin orta məbləği 59,2 min manat təşkil edib.

Xaliyev qeyd edib ki, kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron rayonunun payına düşüb.

Bundan başqa, kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5-%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)