Sosial iqtisadiyyat

Ən çox sosial müavinət kimlərə verilir?

Sosial müavinətlər – onları pensiya adlandıranlar da var. Lakin sosial müavinətlər və pensiyalar məqsədlərinə və digər xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənir. Pensiyalar əməkhaqqı və digər gəlirlərin kompensasiyası xarakteri daşıyır.

ENA. az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu baxımdan da pensiya kapitalı və sığorta stajına əsaslanır. Sosial müavinətlər isə qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə ödənilir. Onun növləri genişdir. Həmçinin pensiya hüququ yaranmayan şəxslər sosial müavinətlə əhatə olunurlar.

Sosial müavinətlər birdəfəlik və aylıq olaraq təsnif olunurlar.

Birdəfəlik müavinətlərə:

-Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

-Uşağın anadan olmasına görə müavinət;

-Dəfn üçün müavinət;

-Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət;

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət;

-Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət aiddir. 

Bunlardan cəza çəkməkdən azad edilmiş və valideynlərini itirmiş, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı olan müavinətlər barədə ictimaiyyətin daha az məlumatlı olduğunu desək, yanılmarıq. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edildikdə minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1380 manat) birdəfəlik müavinət ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar isə ilk dəfə işə düzəldikdə ölkə üzrə orta aylıq əməkhaqqının beş misli (hazırda 4605,5 manat) qədər müavinətlə təmin edilirlər.

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət 300 manatdır. Uşağın anadan olmasına görə isə 500 manat verilir.

Dəfn üçün müavinətə gəlincə, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, işsizlikdən sığorta ödənişini alan və sığortaolunan şəxslər vəfat etdikdə bu məbləğ 500 manat, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş həyata keçirilir.

Aylıq müavinətlərə isə: 

-Yaşa görə müavinət;

-Əlilliyi olan şəxslərə əlilliyə görə müavinət;

-Ailə başçısını itirməyə görə müavinət;

-Dövlət qulluqçularına ömürlük müavinət;

-Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;

-Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;

-Beşdən çox uşağı olan qadınlara müavinət;

-Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər;

-Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər;

-Vəfat etmiş Azərbaycanın keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət;

-Üç yaşınadək uşağa qulluğa görə müavinət daxildir.

Əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Bu müavinətin aylıq məbləği 220 manatdır.

Həmçinin əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda ona əlilliyə görə müavinət təyin edilir. Bu müavinətin məbləği əlilliyin faizindən asılı olaraq 150-270 manat arasında dəyişir.

Ailə başçısını itirməyə görə pensiya hüququ olmayan şəxslər bu adda sosial müavinətlə təmin edilirlər. Belə müavinətin məbləği 120 manatdır.

Dövlət qulluqçuları pensiya yaşına çatdıqda və ya əlilliyinə görə könüllü işdən çıxdıqda əmək pensiyası almaq hüququna malik olmadıqda ömürlük müavinətlə təmin olunurlar. Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir.

Həmçinin şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda onun uşaqlarına aylıq 120 manat müavinət verilir. Uşaqlardan bəsh etdikdə, onu da deyək ki, ünvanlı sosial yardım alan ailələrin 1 yaşınadək övladları üçün əlavə aylıq 100 manat müavinət ödənilir.

Aylıq müavinətlərin siyahısından da məlum olduğu kimi, müavinətlərin bir hissəsi uşaqlara qulluğa görə verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 120 manat, 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 105 manat, həmçinin övladlığa götürülən uşağa görə 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat müavinət ödənilir. Eyni zamanda, bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat təşkil edir.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində müavinət verilir. Göstərilən səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə isə minimum aylıq əməkhaqqı məbləğində müavinət ödənilir. Vəfat etmiş keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinətə gəlincə, bu məbləğ keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi həcmindədir.

Əmək pensiyalarından fərqli olaraq, sosial müavinətlər hər il indeksləşdirilərək artırılmır. Müavinətlərin məbləği ölkə başçısının müvafiq sərəncamı ilə müəyyən edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)