Bakıda adambaşına düşən yaşıllıq 8 m2-ə çatdırılacaq - Baş Plan
Şəhər ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir.
ENA.az-ın məlumatına görə, bu barədə Bakı şəhərinin 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Baş Planında qeyd edilib.
Bu məqsədlə, “Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)” uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 m2-ə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Baş Plana görə, bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və aşağıdakı layihələrin həyata keçirilməsi planlaşdırılır:
- Xocahəsən gölünün ətrafında geniş parkın salınması;
- Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması (Bibiheybət ərazisi daxil olmaqla);
- Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması;
- Şəhər daxilində “yaşıl hibrid dəhlizlər” sisteminin tətbiqi.
"Yaşıl Hibrid Dəhlizlər" Bakı şəhərinin Baş Planının əsas konseptual yanaşmalarından olmaqla aşağıda qeyd edilən müxtəlif funksiyaları özündə birləşdirir:
- şəhər ərazisində sərbəst hava axınının təmin olunması ilə hava keyfiyyətinin və mikroiqlimin yaxşılaşdırılması;
- piyada yolları infrastrukturunun genişləndirilməsi ilə şəhər ərazilərinin bir-biri ilə əlaqələndirilməsi, habelə piyada hərəkətliliyi və velosiped nəqliyyatından istifadənin təşviqi;
- yaşıllıq sahələrinin genişləndirilməsi və əlavə “yaşıl” istirahət məkanlarının yaradılması;
- yeni mühəndis-kommunikasiya xətlərinin və qurğularının (məsələn, sutoplayıcı hövzələr) inşası üçün ərazi planlaşdırılması həllərinin verilməsi.
Baş Planda paytaxt ərazisində coğrafi yerləşmə mövqeyindən asılı olaraq iki növ “yaşıl hibrid dəhliz”lərin yaradılması təklif olunur:
- şəhərdaxili hibrid dəhlizlər: mövcud küçə-yol şəbəkəsinin və ya dəmir yolu xətlərinin hərəkətlilik funksiyasını qoruyub saxlamaqla onların ətrafında cəlbedici yaşıllıq zolaqlarının salınması ilə əraziyə əlavə dəyərin verilməsi;
- şəhərxarici hibrid dəhlizlər: Mərkəzi Bakını şəhərətrafı ərazilərdə yerləşən alt-mərkəzlərlə birləşdirən geniş yaşıl zolaqların salınması.