Bank sektorunda 11 AY
2023-cü ilin tarixə qovuşmasına bir neşə gün qalıb. Azərbaycanın bank sektorunun 11 aylıq nəticələri artıq məlumdur və bunun əsasında bütöv illə bağlı müəyyən fikir yürütmək mümkündür.
Aktivlərdəki azalmanın mənbəyi
ENA.az xəbər verir ki, Mərkəzi Bankın 30 noyabr 2023-cü il tarixinə olan məlumatına görə, Azərbaycanın bank sisteminin ümumi aktivləri 46 milyard 172,5 milyon manat olub. 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat idi. Beləliklə, bu ilin ilk yarımilində Azərbaycan Beynəlxalq Bankının aktivlərinin 2 milyard manat azalması ilin sonuna qədər ümumi sektorun aktivlərinin həcmini minusda ifadə etdi. 11 aylıq müqayisəyə gəldikdə azalma 1,9%-dir. Ümumilikdə 2 milyard azalmanı nəzərə almasaq, bankların aktivləri artım dinamikası göstərir. Məsələn, təkcə, 2023-cü ilin noyabr ayında bankların ümumi aktivləri 25,9 milyon manat artıb.
Noyabrın sonuna bankların kredit portfeli 16,8% artaraq 22 milyard 881,8 milyon manat təşkil edir. Bankların ümumi kapitallaşmasında 6,9% dinamika müşahidə edilib və 6 milyard 12,1 milyon manata çatıb.
Dövlət fondları hesabına borclanma azalıb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 14,4% - 12 milyard 421,2 milyon manata qədər artıb. Təkcə noyabrda bankların biznes kredit portfeli 174,8 milyon manat yüksəlib. Noyabrın 30-na dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 10,5% kiçilərək 941,5 milyon manat məbləğində olub. Biznes kreditlərinin strukturunda 5 milyard 890,9 milyon manat iri biznesin, 2 milyard 288,8 milyon manat orta biznesin, 1 milyard 618.7 milyon manat kiçik biznesin, 2 milyard 622,8 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, oktyabrın sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 421,3 milyon manatdır, bu isə portfelin 3,4% deməkdir. Faiz nisbəti ilə müqayisə aparsaq, 2022-ci ilin sonuna bu göstərici 4,7% idi. Yəni qeyri-işlək kreditlərin həcmində azalma baş verib.
Əhalinin banklardakı əmanəti artır
Bankların öhdəlikləri 40 milyard 160,4 milyon manata bərabərdir. Banklardakı depozit portfeli 1,6% kiçilmə ilə 33 milyard 225,7 milyon manat, o cümlədən əhalinin əmanətləri 6,7% artımla 12 milyard 235,5 milyon manat təşkil edir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri isə 4,3 dəfə azalaraq 50,6 milyon manata düşüb.
Tənzimləyicinin məlumatına görə,11 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 44,5% - 3 milyard 515,5 milyon manata qədər azalıb.
Banklar ən çox kreditlərdən qazanıblar
2023-cü ilin yanvar-noyabr aylarında bankların ümumi xalis mənfəəti 997,4 milyon manat olub. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 16% çoxdur. Hesabat dövründə bankların faiz gəlirləri 3 milyard 177,7 milyon manat (artım 28,6%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 336,6 milyon manat (artım 17,2%) təşkil edib. Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,7 milyon manat məbləğində (artım 12,8%) olub.
Bu dövrdə bankların faiz xərcləri 755,7 milyon manat (artım 27,5%), o cümlədən depozitlər üzrə 536,5 milyon manat (artım 30%), qeyri-faiz xərcləri 2 milyard 72,6 milyon manat (artım 30%) təşkil edib. Yanvar-noyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 521,5 milyon manat (artım 22,7%) təşkil edib. Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 252 milyon manat (artım 18,6%), mənfəət vergisi üzrə ödənişlər 254,6 milyon manat məbləğində (artım 29,5%) qiymətləndirilir.
Qeyd edək ki, 30 noyabr 2023-cü il tarixinə ölkədə 3 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 474 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 2,7%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var. Bu göstəricilərin azalması oktyabr ayında “Muğanbank” ASC-nin fəaliyyət lisenziyasının ləğv edilməsi ilə əlaqəlidir.
Bank sektorunda 23 354 nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,5%) çalışır. Həmçinin, noyabr ayında bank sektorunda çalışanlarının sayı oktyabr ayı ilə müqayisədə 62 nəfər artıb.