Bu tarixdən Şuşa və Suqovuşana fərdi avtomobillərlə səfər etmək mümkün olacaq
Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır.
ENA..az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir ki, əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, 27 dekabr 2023-cü il tarixindən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaq.