Sənaye zonalarında 6 700-dən çox iş yeri yaradılacaq
Azərbaycanda indiyədək sənaye zonalarına 6.6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb.
Bu barədə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan-Türkiyə İnvestisiya Forumu”nda deyib.
O qeyd edib ki, növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırılması, 6 700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“Bu ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2.3 milyard manatlıq məhsul satılıb ki, bunun 31%-dən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşür. 2023-ci ilin 9 ayında 2.3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17.9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 22.9% olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib” – Elşad Nuriyev əlavə edib.