Azərbaycanda yeni çatdırılma xidməti istifadəyə verildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalında yeni xidmət istifadəyə verilib.
ENA.az xəbər verir ki, artıq portal üzərindən ölkədaxili çatdırılma xidmətindən istifadə etmək mümkündür. Yəni alıcılar “Azexport.az” portalında nümayiş olunan məhsulları onlayn olaraq ünvana sifariş edə bilərlər. Bunun üçün istifadəçilər portalda pərakəndə ticarət həyata keçirən və ölkədaxili sifarişləri qəbul edən istehsalçıların səhifələrinə keçid edərək, sifarişlərini rəsmiləşdirməlidirlər.
Burada istehsalçılar istehsal etdikləri məhsulları portal vasitəsilə real alıcılara nümayiş etdirir, ödənişləri onlayn qaydada qəbul edir, həmçinin sifarişlərin alıcılara ölkədaxili çatdırılması xidmətindən istifadə edirlər. Sifarişlərin çatdırılma haqqı məhsulun çəkisindən və məsafədən asılı olaraq sistem tərəfindən avtomatik olaraq hesablanır. Sifariş olunan məhsullara görə isə portal tərəfindən komissiya haqqı nəzərdə tutulmur.