Elm və Texnologiya

Yellen: ABŞ tənzimləyiciləri süni intellekti potensial maliyyə riski kimi görürlər

ABŞ-ın maliyyə naziri Canet Yellenin sədrliyi ilə Maliyyə Sabitliyinə Nəzarət Şurası toplanıb. ENA.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel, Valyuta Nəzarəti İdarəsinin (OCC) sədri Maykl Hsu, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Gensler və ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qrüenberq yığıncaqda iştirak edənlər arasında olub.

İclasda açılış nitqində Yellen bəyan edib ki, keçən il daha sərt maliyyə şərtləri və artan qlobal iqtisadi qeyri-müəyyənliklə üzləşməsinə baxmayaraq, ABŞ maliyyə sistemi dayanıqlılığını qoruyur.

Şuranın maliyyə sisteminin dayanıqlığını artırmaq və geniş spektrli zəiflikləri izləmək vəzifəsini yerinə yetirməyə davam etdiyini bildirən Yellen, yüksək faiz dərəcələri və əlavə maliyyə qeyri-müəyyənliyindən yaranan risklərin qiymətləndirilməsinin davam etdiriləcəyini qeyd edib.

Şuranın bu il xüsusilə maliyyə xidmətlərində süni intellektin istifadəsini maliyyə sistemindəki zəiflik olaraq təyin etdiyini vurğulayan Janet Yellen, maliyyə qurumlarının innovativ texnologiyaların qiymətləndirilməsi və mənimsənilməsinə davam etdikcə süni intellektin istifadəsinin sürətlənə biləcəyinə diqqət çəkib.

ABŞ-ın maliyyə naziri Yellen bildirib ki, bu sahədə məsuliyyətli innovasiyaların dəstəklənməsi maliyyə sisteminin səmərəliliyinin artırılmasına imkan yarada bilər, lakin risklərin idarə edilməsi ilə bağlı mövcud prinsiplər və qaydalar da həyata keçirilməlidir.

Digər tərəfdən, Maliyyə Sabitliyinə Nəzarət Şurası 2023-cü il hesabatını yekdilliklə təsdiqləyib.

Sözügedən hesabatda süni intellektdən istifadənin bəzi riskləri, o cümlədən kiber risklər və model riskləri kimi təhlükəsizlik risklərini gətirə biləcəyi vurğulanıb.

Hesabat maliyyə institutlarına, bazar iştirakçılarına, tənzimləyici və nəzarət orqanlarına süni innovasiyalar və onların istifadəsinə nəzarət etmək və yaranan riskləri müəyyən etmək üçün təcrübə və bacarıqlarını dərinləşdirməyi tövsiyə edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)