Azərbaycan iqtisadiyyatına nə qədər pul qoyulub? - RƏSMİ
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 725,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5% çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 24,7%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5% artıb.
İstifadə olunmuş vəsaitin 9 milyard 422,3 milyon manatı və ya 59,9%-i məhsul istehsalı sahələrinə, 5 milyard 498,6 milyon manatı (35%-i) xidmət sahələrinə, 805 milyon manatı (5,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 518,2 milyon manatını və ya 22,4%-ni xarici investisiyalar, 12 milyard 207,7 milyon manatını və ya 77,6%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 463,6 milyon manatı və ya 72,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.