“Azərsığorta” sığorta agentlərinin 700 min manat borcunu ödəmir
“Azərsığorta” Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkəti bir neçə aydır ki, sığorta agentlərinə ödənilməli olan komissiya haqqını həyata keçirmir.
Bunu Azərbaycan Sığorta Agentləri Birliyinin təsisçisi Vüsal Bədəlov deyib. O bildirib ki, “Azərsığorta” son iki aydır ki, 150 sığorta agentinə ödənilməli olan 700 min manatadək komissiya haqqını ödəmir.
Vüsal Bədəlov qeyd edib ki, məsələ ilə bağlı sığorta şirkətinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlova, Təftiş Komissiyasının sədri Ələsgər Əliyevə müraciət olunub. Şifahi şəkildə bildirilib ki, dekabrın 15-dək ödənişlər veriləcək. Bununla belə, Vüsal Bədəlov şirkətin könüllü qaydada ləğvetmə prosesinə getmə ehtimalının onların ödənişlərinin taleyini də sual altına alacağını deyib: “Sığorta agentlərinin ödənişlərini həyata keçirmirlər, adını da qoyublar ki, Maliyyə Nazirliyindən cavab verilsin, təsdiq edilsin, daha sonra ödəniş ediləcək. Maliyyə Nazirliyinin qərarı ləğv prosesindən əvvəl, yoxsa sonra verəcəyi isə bəlli deyil. Bu isə bizim ödənişləri sual altına alır”.
“Azərsığorta” şirkətindən isə məsələ ilə bağlı bildirilib ki, şirkətdə həyata keçirilən yoxlamalar səbəbilə ödənişlər müvəqqəti dayandırılıb, amma ən qısa müddətdə icra ediləcək. Narahatçılığa heç bir əsas yoxdur.
Qeyd edək ki, dekabrın 7-də “Azərbaycan İnvestisiya Holdinqi”nin İdarə Heyətinin sədri Mətin Eynullayev yoxlamaların davam etdiyi “Azərsığorta”nın fəaliyyəti ilə bağlı hələlik qərar verilmədiyini, müzakirələrin davam etdiyini açıqlayıb.