Aqrar

“İlk dəfə ağ çay istehsal etdik və gözəl nəticə verdi”

Dünyada istifadə edilən çayın 75 faizi qara çaydır. Ümumilikdə isə 1500-dən çox çay növü var. Bu növlərin bəziləri Azərbaycanda, Lənkəranda da yetişdirilir. Lənkəranın İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) “Made in Azerbaijan” brendi ilə 25 çeşiddə çay istehsal olunur.

Bu barədə “Yaşıl çay” fermer təsərrüfatı ilə tanışlıq zamanı MMC-nin rəhbəri Araz Yağubov məlumat verib.

Lənkəranın saf havasının, təbiətinin keyfiyyətli çayın yetişdirilməsinə imkan verdiyini bildirən həmsöhbətimiz deyir ki, cənub bölgəsinin əlverişli təbii iqlim şəraiti və ənənələrin mövcudluğu, yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması çayçılığın inkişafını zəruri edir. Dövlət tərəfindən göstərilən dəstək isə fermerlərin, sahibkarların bu sahəyə marağını daha da artırıb.

Araz Yağubov təsərrüfatda daim yeniliklər tətbiq etməkdə maraqlı olduğunu bildirir. Plantasiyalarla tanışlıq zamanı bunun şahidi oluruq. Belə ki, plantasiyalarda hollandiyalı mütəxəssislər tərəfindən müasir suvarma şəbəkəsi qurulub və bitkinin suvarılması çiləmə üsulu ilə aparılır. Plantasiyalar isə yapon texnologiyası ilə salınıb. Digər bir yenilik isə ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə bu təsərrüfatda arakəsmə olmadan uzunluğu 400 metrə çatan cərgələr salınıb.

MMC-də “Buket”, “Gül çay”, “Xan çayı”, “Narın çay”, “Feyxoa çayı” və digər çeşidlər istehsal olunur. Belə çeşidlərdən biri də ağ çaydır. Araz Yağubov deyir ki, bu çayda emal olunan fleşlər aprelin 15-dən 30-dək olan dövrdə yığılır: “İlk dəfə keçən il ağ çay istehsal etdik və gözəl nəticə verdi. Bu il daha çox istehsal etməyi proznozlaşdırırıq. Ağ çayın xüsusi hazırlanma texnologiyası var. Bu çayın istehsal prosesində onun elementləri qorunub saxlanılmalıdır”.

Ağ çay bitkinin tumurcuq və cavan yarpaqlarından yığılır, birbaşa Günəş işığı ilə qurudularaq qıcqırma prosesinə məruz qalmadan minimum oksidləşmə ilə əldə edilir.Qanda xolestrolun səviyyəsini salır, yağların parçalanmasını sürətləndirir, bədənin antioksidant səviyyəsini artırır, xərçəng hüceyrələrinə məhvedici təsir göstərir. Xüsusən, bağırsaq xərçənginə qarşı olduqca təsirlidir.

“Yaşıl çayda olduğu kimi, ağ çayı da dəmləyərkən üzərinə qaynadılmış halda 90 dərəcədə su tökülməli və 15-20 dəqiqə gözləmək lazımdır. Burada bir fərq var ki, yaşıl çayı gündə 1-2 stəkan içmək məsləhətdirsə, ağ çayı istədiyiniz qədər içmək olar”, - deyə təsərrüfat rəhbəri bildirir.

Araz Yağubova qırmızı çay haqqında da sual veririk. Məlum olur ki, qırmızı çay da yaşıl çay kimi bir avadanlıqda eyni texnologiya ilə istehsal olunur. Lakin onların yığım vaxtları fərqlidir: “Yəni qara çayın hazırlandığı avadanlıqda qırmızı çayı emal etmək olmaz. Xüsusi reseptlər əsasında hazırlanan qırmızı çay çox faydalıdır, tərkibi maddələrlə zəngindir. Gün ərzində istənilən qədər ağ və qırmızı çay içmək olar”.

Qırmızı çay antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların təsirindən qoruyaraq orqanizmdə şişlərin əmələ gəlməsinin qarşısını alır, orqanizmi cavanlaşdırır. Həmçinin damarların sağlamlığını qoruyur, qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır. Sidikqovucu təsirə malik olan qırmızı çay arterial təzyiqi aşağı salmağa da kömək edir.

Onun sözlərinə görə, qırmızı çayın hazırlanması avadanlıqları təsərrüfata bu il gətiriləcək. Bu avadanlıqlar İrandan xüsusi olaraq sifariş edilib. Avadanlıqlar quraşdırıldıqdan sonra “Yaşıl çay” fermer təsərrüfatında qırmızı çay da istehsal olunacaq.

Təsərrüfat rəhbəri çay bitkisinin ekoloji üstünlüklərindən danışarkən diqqətə çatdırır ki, bu bitki demək olar xəstələnmir. “Heç bir fermer ekologiyaya çayçı qədər töhfə vermir. Bir hektara 22-24 min çay tingi əkilir. Bu isə ekoloji durumun yaxşılaşdırılmasına böyük töhfədir. Bildiyimiz kimi, meyvə ağacları dərmanlanır, bu, ətraf mühitə müəyyən təsir göstərə bilər. Amma çay yeganə bitkidir ki, ona dərman vurulmur”, - deyə o qeyd edir.

“Yaşıl çay” fermer təsərrüfatı yaponların və iranlıların diqqətini cəlb edir

Yaponlar “Yaşıl çay” fermer təsərrüfatına böyük maraq göstərirlər. Yapon texnologiyası ilə salınacaq yeni plantasiyalarda daha keyfiyyətli fleşlər əldə olunacaq. Keçən il yapon şirkəti ilə əməkdaşlıq haqqında danışıqlar aparılıb. Onlar burada yapon çayının hazırlanması ilə bağlı emal sexi tikəcəklər.

Bu yaxınlarda Azərbaycan məhsulu olan “Araz çayı”nın hazırlanma texnologiyasının İranda da tətbiqi ilə bağlı təklif aldığını deyən həmsöhbətimiz qeyd edir ki, bu məqsədlə qonşu ölkədə xüsusi emal sexi və 3 min hektar çay plantasiyası ayrılıb. “Yaşıl çay” fermer təsərrüfatında tətbiq olunan çay reseptləri və texnologiyası əsasında bu ilin may ayından İranda da istehsal prosesinə başlanılacaq. Beləliklə, İranda Azərbaycan çayının resepti patentləşdiriləcək.

Qeyd edək ki, “Yaşıl çay” fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılıb. İlki vaxtlar 20 hektar ərazisi olsa da, hazırda fermer təsərrüfatının torpaq sahəsi 150 hektara çatır. Bunun 70 hektarı çay plantasiyasıdır və hazırda onun 40 hektarı məhsul verir. Hər il müasir üsulla plantasiyalar salınır. Məqsəd çay plantasiyalarının sahəsini 120 hektara çatdırmaqdır. Bu təsərrüfatda çayçılıqla yanaşı, heyvandarlıq, taxılçılıq və baramaçılıq da inkişaf etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)