Persona

Oqtay MİR-QASIM: «Hər dəfə ümid edirəm ki, mənim «öyüdlərim» kimisə səhvlərdən yayındıra bilər»

Azərbaycanda yaşayanlara Oqtay Mir-Qasımın kim olduğunu deməyə heç bir ehtiyac yoxdur. Bu nəslin kökləri çox qədimlərə gedir, onun yaradıcılığı isə bütün həyatı kimi göz qabağındadır.

Oqtay Mir-Qasım xalq artisti, professordur, çoxsaylı sənədli, bədii və qısametrajlı filmlərin müəllifidir, müxtəlif milli və beynəlxalq kinofestivalların mükafatlarının qalibidir, «Milli kino» mükafatının sahibidir - indi isə həmvətənləri qarşısında yazıçı, müxtəlif epoxa və çağların strukturunu əks etdirən çağdaş milli ədəbiyyatın müəllifi kimi çıxış edir.

- Siz kinorejissor, ssenarist, aktyor, prodüser, müəllim və yazıçısınız. Sadalananlardan hansı birinə üstünlük verərdiniz?

- Yuxarıda göstərilənlərdən birini özüm üçün əsas funksiya, sadə dillə desək, əsas məşğuliyyət kimi ayırmaq istərdim. Amma qorxuram ki, bunu edə bilmərəm.

- Niyə?

- Tədris fəaliyyətindən başlayardım. Müəllimlikdən. Müəyyən mənada, bu, mənim əsas rolumdur. Ya da ki ibarəyə görə üzr istəyirəm, missiyamdır.

- Mədəniyyət və İncəsənət Universitetindəki müəllimlik fəaliyyətinizi nəzərdə tutursunuz?

- Mən, ümumiyyətlə, həyatdan danışıram. Onda gündəlik iştirakımdan. Yalnız ailə çevrəmdən yox. Yaşadığımız gün ərzində bizim rolumuz dəyişir. Biz həm ailə başçısı rolunda, həm yol yoldaşı rolunda, həm də iş yoldaşı, dost və tanış və sair rollarda oluruq. Ancaq mənim bütün bu rollarımda mürəbbilik keyfiyyəti ortaya çıxa bilər. Hətta küçədə, məsələn, birinin arzuolunmaz nəticələrə gətirib çıxaracaq bir hərəkəti etməyə hazır olduğunu görsəm, mütləq bunu ona söyləyəcəyəm. Mən həmişə ümid edirəm ki, mənim "öyüdlərim" kimisə səhvdən xilas edə bilər. Mən əgər hansısa bir səbəbdən bu yerdə və bu zamanda mövcudamsa, deməli, mənə verilmiş şansdan istifadə etməliyəm.

- Bu, pedaqoji fəaliyyətin təsiridir? Yoxsa genetik vergidir?

- Bəlkə də, genetikadır. Mənim əcdadlarım nə vaxtsa bura ərəb dünyasından ruhani missioner kimi gəliblər. Onlar insanların dini maarifləndirilməsi və tədrisi ilə məşğul idilər. Bu missiya nəcib və çətin idi.

- Azərbaycan tibbinin tarixi birbaşa sizin atanızın - Azərbaycan Elmlər Akademiyasının ilk prezidentinin adı ilə bağlıdır, o, insanların yaddaşında xoş xatirələrlə qalıb. O da müəyyən mənada bir missioner idi?

- Əlbəttə! Atam missioner işinin ən parlaq nümayəndəsi idi. Atamın missiyası o idi ki, iki dünya müharibəsinin iştirakçısı, hospital həkimi və müharibə cərrahı kimi, o idi ki, o, cərrahlar da daxil olmaqla, bir neçə nəsil həkim yetişdirdi. Mən xatırlayıram, onun şagirdləri, kafedrasının üzvləri həmişə evimizdə yığılardılar, o, heyrətamiz atmosfer yaratmağı gözəl bacarırdı. İndi deyildiyi kimi, həmin qeyri-rəsmi ünsiyyət anlarında onlara yalnız peşə bilikləri deyil, həm də həyatın mənəvi qanunlarına öz baxışlarını da öyrədirdi.

- Ehtimal ki, bu həm də həmişə ac olan tələbələrə yemək vermək üçün bir yol olub!

- Hə əlbəttə ki! Onun tələbələri bizim həm şəhərdəki mənzilimizə, həm də bağa gəlirdilir. Onlar atama çox bağlı idilər. 1883-cü ildə doğulmuş atam XIX əsrin adamı idi və həyatı boyunca həmin dövrün mənəvi ideallarını qorudu. O, əsl və sarsılmaz demokrat idi.

- Mir Əsədulla Mir Əsgər oğlu Mirqasımov kimi insanlar haqqında "Ruhən aristokrat" deyirlər. Belə insanları ona görə sevirlər ki, ictimai statusu, nailiyyətləri və ya şöhrəti ilə öyünməyərək, digər insanların ləyaqətinə hörmət etməyi bacarırlar.

- Haqlısınız, atam bir nümunə idi. Hətta mükəmməl bir nümunə deyərdim! Özünü demokrat kimi göstərmirdi, həqiqi demokrat idi! Demokrat və beynəlmiləlçi. Bir professor kimi öz sürücüsü, yaxud klinikasının tibb bacısı ilə yalnız "siz"lə və böyük hörmətlə danışmaq xüsusiyyəti var idi. Onun bu xüsusiyyətini çox sevirdim.

- Əgər atanızla söhbət etmək imkanına malik olsanız, onunla eyni yaşda olduğunuzu nəzərə alsanız, ondan nə soruşardınız?

- Sual verməzdim. Ayağına düşüb uzun müddət tövbə edər, bağışlanmağım üçün yalvarardım. Həyatda düzgün etmədiyim hər şey üçün. Mükəmməl görmədiyim hər iş üçün. Cəsarət edib düşünürəm ki, yəqin, məni bağışlayardı. Ən azından olduğumdan daha yaxşı olmağa çalışdığım üçün.

- Deməli, oynadığınız rollar arasında əsas rolu missionerliyə ayırırsınız?

- Mən bu suala təsdiq cavabı verməyi çox istərdim, amma bu, həqiqətə uyğun deyil. 16 yaşımda gəldiyim bir peşəm var və artıq 59 ildir ki, kino vasitəsilə həyatı öyrənmə kimi maraqlı proses ilə məşğul oluram. Film studiyasının astanasından ilk dəfə keçirdiyim zaman ailə həyatı hissi yaradan bir atmosferə düşdüm. Bu, mənim çox xoşuma gəldi və çox təəssüratlandırdı ki, mən bu harmoniya hissinin əbədi olmasını istərdim. Sevdiyin işlə məşğul olmaq böyük xoşbəxtlikdir. Amma ... Hər şey axır, hər şey dəyişir. Artıq 2014-cü ildən bəri film çəkmirəm! Peşəm yuxularıma girir. Təsəvvür edin, həmişə eyni yuxu görürəm: film çəkirəm!

- Belə çıxır ki, ən mühüm rolunuz elə kino imiş?

- Mən, yəqin ki, belə deyərdim, amma... mətn yazmağa daimi meylim var. Yazdığım hər şeyə ədəbiyyat deməyə risk etmirəm, bu, həddindən özünə inam demək olardı. Amma etiraf etməliyəm ki, mətn yazma prosesini çox sevirəm. Yazıçılıq bir növ ruhun, düşüncə, əhvalın tövbə halıdır. Mən bunu çox sevirəm! Amma mən heyvanlar aləmini də elə belə bir dəqiqliklə sevirəm! Mən bağları və bitkiləri də sevirəm! Bəzən düşünürəm ki, bir it məşqçisi və ya bağban ola bilərdim. Bilmirəm, sizin dediyiniz yeni bir işlə məşğul olmaq ağlıma gələrmi? Mən çox həvəslə, məmnuniyyətlə "köhnə" işimə başlardım və film çəkərdim. Amma prinsipcə, insanın gücündən kənar heç bir şey yoxdur.

- Hansısa bir ideyanız varmı? Ssenariniz?

- Bəli. Ssenari hazırdır. Və ideyalar var.

- Ümid edirəm ki, bu sizin "Bilyardçı" hekayənizin ekranlaşması olacaq? Lütfən, yox deməyin!

- Hər halda, mən sizi məyus etmək istəməzdim. Bəli. "Bilyardçı"dır. Yalnız mən bunu ekranlaşma adlandırmazdım. Süjeti mən bir qədər işləmişəm.

- Niyə? Orda elə gözəl hekayə var ki? Orda şəhər bir canlı personajdır. Siz öz şəhərinizi "öldürürsünüz"? İnanmıram!

- Lütfən bağışlayın, ancaq başa düşürük ki, povest yazıldığı formada ekranlaşdırıla bilməz. Bunun üçün ... əhəmiyyətli maliyyə lazımdır. Onu hardan ala bilərəm? Amma... bu, başqa bir mövzudur.

- Aslan sizin kitabınızın qəhrəmanlarından biridir. Niyə bu obraz sizi bu qədər məşğul edir: bu, hansısa mistik əlaqə və ya sizin gizli toteminizdir?

- Sizi məyus etmək istəmirəm! Ancaq sizə qarşı qeyri-səmimi də ola bilmərəm. Hər şey daha asandır. Bəlkə də, daha prozaikdir. Uzun illər əvvəl bir gün mən qızlarımla - Rəna və Ayanla zooparka getmişdim. Biz şirin qəfəsinin qarşısında durduq və onun yarıyuxulu vəziyyətinə tamaşa etməyə başladıq. Aslan sağlam, gözəl və güclü idi. Axı, mən kinematoqrafam! Mən heyvanı istirahət zamanı narahat etməmək üçün fantaziyamı işə salaraq qızlara bəzi şeylər danışdım. Şirin yuxuda ağır nəfəs aldığını görüb, qızlarıma dedim ki, o, yuxuda savannanı görür, çünki o, aslan sürüsü, çöllər və azadlıq üçün darıxır. Biz onun halına inanılmaz dərəcədə acıdıq.

Elə yenicə oradan ayrılmaq istəyirdik ki, başqa bir ailə şirin qəfəsinin qarşısına gəldi. Bəstəboylu bir kişi bir çubuq tapdı və onunla şiri dümsükləməyə başladı.

O, heç nə başa düşmürdü: bu kimdir və nə üçün onu narahat edir? Bir gözünü açan aslan xəbərdarlıq nərəsi çəkdi. O zaman mənə elə gəldi ki, zavallı heyvanın düşüncələrini "eşidirəm". Kişidən xahiş etdim ki, heyvana toxunmasın, çünki o, qəfəsdədir, üstəgəl yatır. Ancaq kişi çubuqla heyvanı dümsükləməyə davam etdi. Bu, onu və yanındakılarını çox əyləndirirdi. Mənə elə gəldi ki, bədənimin hər bir hüceyrəsi ilə şirin ağrısını, çaşqınlığını, qəzəbini və dəhşətli azadlıq həsrətini hiss edirdim! Ancaq, görünür, bu balaca adam şiri ölümünə qədər boğaza yığdı və o, qalxdı, böyük başını qaldıraraq hayqırdı. Onun səsində qəzəbdən və özünə bir faydası olmadan onu - Kralı təhqir edən adama şiddətli nifrətdən daha çox inciklik vardı. O, sanki kral dilində qışqırırdı: "Murdar! Sən əsirlikdə olan və azadlıq arzulayan bir canlının çarəsizliyindən ləzzət alırsan? Səni lənətə gələsən, alçaq! Sən mənim əzabımı və mənim kədərimi başa düşə bilməzsən!"

O vaxt aslanın faciəsini mən belə şərh etmişdim… Mənim matrisimə isə sonsuza qədər azadlıq istəyi Aslanın halı yazıldı. Beləcə, bu obraz ortaya çıxdı.

- Amma bu, tamamilə normal haldır. Rəssam öz fikirlərini ortaya qoyur, oxucu sətirlər arasını oxuyur.

- Rəssamın məntiqi yüksək aydınlanma anıdır. Bu, Allahdan gəlir. Sən yalnız Onun iradəsinin sözçüsüsən. Sənin bunda xidmətin yoxdur.

- Sizin qəhrəmanınız öz daxili dünyasını qoruyur, onu xarici dünyanın təzahürlərindən qoruyur. İntrovertlər, bir qayda olaraq, yaradıcı peşə insanlarıdır. Necə düşünürsünüz, introvert xarakteri yaradıcı insanın cəmiyyətlə ayaqlaşa bilməsinə kömək edir, yoxsa mane olur?

- Mən bu sualı özümə aid edirəm. Bütün bunlar vəziyyətdən asılıdır. Prosesə praqmatik yanaşsaq, bu, mane olur. Çünki öz prinsiplərinə və ideallarına uyğun gəlmək arzusu vəziyyətə təsir vasitələri seçimini məhdudlaşdırır. Canlı bir nümunə kimi atamın həyatını göstərə bilərəm. Mən artıq onun bu cəhətdən əyilməz bir adam olduğunu söyləmişdim. Mənim həyatımda isə davranış -struktur qorxusu tamamilə olmayıb. Mən duyğularımla hərəkət etmişəm. Sonra, əlbəttə ki, buna görə özümü söymüşəm. Ancaq yanlış hərəkət etmək və yuxarıdan hərəkətlərinizi izləyən "nəzarətçi"ni qəzəbləndirmək qorxusu daha çox gücləndirir. "Uyğun gəlməmək" qorxusu - özünə və nəslinin bütün mənəviyyat qanunlarına xəyanət etməyə bərabərdir.

Yaltaqlanmağı və əyilməyi bacarmamaq daha çox zənginləşməyə, karyera inkişafı qurmağa və s. mane olur. Yaltaqlanmağı, yarınmağı, dilənməyi bacarmamışam. Həmişə düşünmüşəm ki, insan öz işi və bütün həyatı ilə hər şeyə, o cümlədən xidmətlərinin onun bütün səylərinin qiymətləndirilməsi səviyyəsinə uyğun olan etirafına nail ola bilər. Bəzən mənə deyirlər ki, hələ də gənclik maksimalizmini və sadəlövhlüyünü qoruyuram. Amma! Dövlətdən fəxri adlar, iki orden, fərdi pensiya almışam və müxtəlif mükafatlara layiq görülmüşəm. Bəs, bu, nədir, tanınma deyil? Öz ölkəsinin insanı kimi mənə də bu, xoşdur. Mənim xidmətlərimi görən və qiymətləndirməyi lazım sayan ölkə Prezidentinə minnətdaram, çünki yaradıcı insanlara diqqət və qayğısını əsirgəmir.

- Belə hiss olunur ki, dəyişikliklərin çox olduğu əsr öz praqmatizmi və arsızlığı ilə sizi incidir. Başqa əsrdə yaşamaq istəyirsiniz?

- Mən yaradıcı bir peşə sahibi olaraq virtual şəkildə istənilən zamana, istənilən dövrə gedə bilərəm. Bu, mənimçün, inanın, kifayətdir. Çünki fantaziya düşüncəni zamanda qeydə almaq üçün lazım olan hər şeyi edir. "Zaman maşını" ilə niyə harasa gedim? Mən doğulmalı olduğum zamanda doğuldum. XX əsrdə! XXI əsrdə isə yaşayıram! Bu, mənim Zamanım və keçməli olduğum Yolumdur. Bəli, mən öz estetik və mənəvi ideallarını itirmiş vaxta şübhə ilə yanaşıram. Bu, doğrudur. Amma! Bu vaxt mənə aiddir, mən də ona. Mən istənilən rəssam kimi, şəxsi üstünlük vermə hüququma malikəm. Ona görə də özümü seçirəm! Ola bilər kimsə, bəlkə, İntibah dövrünü və ya Absolyutizm dövrünə sevir. Məsələ seçim və zövq istəyindədir. Ancaq mənim Zamanım mənə Yaradan tərəfindən verilib. Mən nəsil ağacı zəncirində bir həlqəyəm. Mən bu zamana aidiyyətimi yerinə yetirmək üçün öz yolumu onda getməliyəm. Mənim ardımca uşaqlarım və nəvələrim gedəcək. Mən belə düşünürəm.

- Siz film çəkmirsiz, deməli, yazırsız. Sirr deyilsə, indi nə üzərində işləyirsiniz?

 - Sirr yoxdur, amma əgər olsaydı, mən onu sizə, əlbəttə ki, açmışdım. Planımda bütün nəsrimi kinodramaturgiya formatına çevirmək var. Həyata keçirilməmiş son ssenarilərimdən biri "Yüksəliş. Yaradanın adı ilə"dir. Digər reallaşmamış ssenarilərim də var. Bəlkə də, tərcümə ilə məşğul olacam. Bu yaxınlarda belə bir təcrübəm oldu və mən tərcümənin maraqlı bir yaradıcılıq olduğunu başa düşdüm.

- Bugünkü arzunuz nə ilə bağlıdır?

- Cavabımı öz şəxsiyyətimi qəhrəmanlaşdırmaq istəyi kimi şərh etməyin. Bunu bütün müsahibələrimdə deyirəm. Mənim arzum odur ki, Qarabağ ərazilərinin Azərbaycana aid olması məsələsi, nəhayət ki, düzgün həll edilsin. Nə mən, nə də soydaşlarım bu planetdə heç kimsəyə pislik istəmirik və müharibə də istəmirik. Amma mən özümü təhqir olunmuş sayıram. Mən və mənim soydaşlarım ədalət istəyirik. Ədalət ondadır ki, insanlar öz ölkələrində qaçqın olmamalıdır. Onları yaşadıqları ərazilərdən zorla çıxarıblar. Buna görə də hesab edirəm ki, ölkəmizdəki hər kəs özünü qarabağlı hiss etməlidir. Torpaqların, evlərin, tarixi abidələrin qaytarılması mənim əsas və uzun illik arzumdur. Qalan şeylər barədə hətta danışmağa dəyməz. Mənim arzularım sonsuzdur. Çox şey arzulayıram...

- Yenə də nəsə?

- Uşaqlarımı, nəvələri, qohumlarımı və yaxınlarımı mümkün qədər tez-tez görmək istərdim. Yenə də kinematoqrafda işləmək istərdim, çünki rejissor, ssenarist və prodüser kimi öz bacarıqlarımı tam tükətməmişəm. Mənim həyata keçirmək istədiyim fikirlərim, planlarım və gücüm var. Həm də peşə ilə məşğul olmaq üçün yaradıcı bir arzum var. Onları başa çatdıra bilməyi həddindən çox istəyirəm. Bəli. Məhz çatdırmaq. Allahın istəyi ilə mən elə sabahdan prosesə başlamaq üçün hazıram.

- Əbəs yerə pavilyon tüstüsü yuxunuza girmir! Yəqin, hamısı baş tutacaq. Belə də olmalıdır. Bəlkə də, milli kinonun taleyinə biganə qalmayan Tağıyev kimi yeni bir mesenat peyda olacaq...

- Bəli! Belə bir adam peyda olub-olmayacaq, bilmirəm, amma mən yaxşılığa doğru dəyişiklik olacağına inanıram. Cəmiyyətdə yenilənmə prosesi başlayıb. Ümid edirəm ki, bu, çoxdan gözlənilən bir nəticəyə gətirəcək. Belə bir hissim var ki, intibah dövrü başlayır ...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department