Bank

Bank sektorunda 10 AY necə keçdi? 2 bankın bağlanması hansı rəqəmlərə təsir edib?

İlin sonuna 2 ay qalmış Azərbaycanda bank sektorunun vəziyyyəti necədir? Azərbaycan Mərkəzi Bankı 31 oktyabr 2023-cü il tarixinə olan ilkin rəqəmləri açıqlayıb. 

ENA.az xəbər verir ki, Azərbaycanın bank sisteminin ümumi aktivləri 46 milyard 146,6 milyon manat məbləğində qiymətləndirilir. 10 ay əvvəl, yəni 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat olub. Yəni, yanvar-oktyabr aylarında bankların aktivləri 2% azalıb. Bu da Azərbaycan Beynəlxalq Bankının öhdəliklərində baş vermiş azalmanın təzahürüdür və ilin sonuna qədər SOCAR-ın bu bankdakı hüquqi şəxs depozitindən çəkdiyi 2 milyard manatın təsiri rəqəmlərdə özünü göstərəcək. 

Amma aylar üzrə tendensiyaya baxsaq, 2023-cü ilin oktyabr ayında bankların ümumi aktivləri 616,6 milyon manat artıb.

10 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 42,2% - 3 milyard 659,8 milyon manata qədər azalıb.

Oktyabrın sonuna bankların kredit portfeli 22 milyard 459,7 milyon manat olub, yəni ötən 10 ayda 14,6% artıb.

Bankların ümumi kapitallaşması 5,2% artaraq 5 milyard 913,6 milyon manata yüksəlib. 

Bankların öhdəlikləri 2,9% azalma ilə 40 milyard 233 milyon manatdır. Bunun 92 milyon manatı Bankların Mərkəzi Bank qarşısında öhdəlikləridir və yerigəlmişkən, bu məbləğdə 2,2 dəfə azalma var.

Banklardakı depozit portfeli 2% azalma ilə 33 milyard 81,9 milyon manatdır. Əhalinin əmanətləri 6,9% artım göstərib və 12 milyard 271,1 milyon manata çatıb. 

Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında bankların ümumi xalis mənfəəti 908,2 milyon manatdır. Beləliklə, 2022-ci ilin 10 ayı ilə müqayisədə 18% artım var.

Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 861,9 milyon manat (artım 29,4%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 101,8 milyon manat (artım 17%) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 1 milyard 86,8 milyon manat məbləğində (artım 11,9%) olub.

Bu dövrdə bankların faiz xərcləri 677,9 milyon manat (artım 28,2%), o cümlədən depozitlər üzrə 479,9 milyon manat (artım 30,5%), qeyri-faiz xərcləri 1 milyard 859 milyon manat (artım 24,3%) təşkil edib.

Yanvar-oktyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 369,5 milyon manat (artım 22,6%) təşkil edib.

Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 146 milyon manat (artım 20,9%), mənfəət vergisi üzrə ödənişlər 237,8 milyon manatdır (artım 33,6%).

Qeyd edək ki, 31 oktyabr 2023-cü il tarixinə ölkəmizdə 23 bank fəaliyyət göstərir. Bu bankların 9-u xarici kapitallıdır. 2 bank bağlanıb. 

Bankların 471 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,3%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var. Bu göstəricilərin azalması Günaybank və “Muğanbank” ASC-lərin fəaliyyət lisenziyasının ləğv edilməsi ilə bağlıdır. 

Bank sektorunda işçi sayı 2,3% artıb və 23 292 nəfərdir. Oktyabr ayında bank sektorunda çalışanlarının sayı “Muğanbank”ın bağlanması ilə əlaqədar, sentyabr ayı ilə müqayisədə 238 nəfər azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)