Azərbaycan əhalisinin alış-veriş xərcləri 3,4% artıb
2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 173,2 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə istehlakçılara 25 milyard 833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 2,2%), 20 milyard 339,3 milyon manatlıq qeyri-ərzaq malları (artım 4,9%) satılıb.
2023-cü ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,7%, fərdi sahibkarlar üzrə 3,5%, bazar və yarmarkalarda 3,9% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 254,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200,4 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.