Bank

Açıq bankçılığa “yaşıl işıq” – maliyyə xidmətləri tam nəzarətdə olacaq

Uzun illər bazarda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları artıq  tənzimləyici çərçivə ilə əhatə olunacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin böyük hüquq məsləhətçisi Günay Mahmudova açıqlama verib. Onun sözlərinə görə, noyabrda qüvvəyə minəcək “Ödəniş təşkilatları və ödəniş xidmətləri haqqında” qanunda bununla bağlı müddəlar yer alıb:

“Belə ki, qanunda həmin təşkilatlara nəzarət olunması və onların lisenziyalaşdırılması nəzərdə tutulub. Əlavə olaraq xarici ödəniş təşkilatlarının ölkə daxilində fəaliyyəti ilə bağlı müddəalar da vardır. Eyni zamanda daim bizim nəzarət subyektlərimizin müraciət etdiyi ödəniş agenti məsələsi artıq qanunda həllini tapıb”.

G.Mahmudova əlavə edib ki, adıçəkilən qanun ödəniş sistemlərinin tənzimlənməsi ilə bağlı məsələləri də həll edəcək. Müvafiq xidmətlərin göstərilməsi zamanı təchizatçıların riayət etməli olduqları tələblər, onların hüquq və vəzifələri qanunla detalı tənzimlənir:

“Düşünə bilərsiz ki, bu qanun yalnız hazırda bazarda mövcud olan təşkilatların lisenziyalaşdırılması və nəzarət obyekti olması ilə bağlıdır. Amma burada yeni fərqli müddəalar vardır ki, bunlardan ən önəmlisi uzun illərdir diqqət mərkəzində olan açıq bankçılıqla bağlıdır. Biz nəzarət orqanı olaraq müvafiq məsələləri araşdırıb öyrənməyə çalışırdıq. Çox sevindirici haldır ki, artıq “Ödəniş təşkilatları və ödəniş xidmətləri haqqında” qanunun işə düşməsindən sonra artıq ölkəmizdə açıq bankçılıq rejiminin tətbiqi mümkün olacaq. Bu rejimin tətbiqi artıq bazara yeni təşkilatların da daxil olmasına şərait yaradacaq” – deyə Mərkəzi Bank rəsmisi vurğulayıb.  

Açıq bankçılığın işə düşməsi ilə ölkədə vasitəçilik xidməti və hesab üzrə məlumat xidməti təzhizatçılarının bazara daxil olacağı gözlənilir. Bu da banklara yeni rəqiblərin meydana çıxmasına imkan verəcək. G.Mahmudova hesab edir ki, bundan istehlakçılar daha çox qazanacaq: “Hər zaman düşünmüşəm ki, bir sahənin inkişafının ən önəmli drayverlərindən biri rəqabətdir. Artıq ödəniş xidmətləri sahəsində bankların yalnız özləri ilə deyil, eyni zamanda digər oyunçularla rəqabət aparması ümumilikdə bütün bazarın inkişafına dəstək verəcək. Təbii ki, bundan ən çox faydalanan istehlakçılar olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)