ABB dövlət büdcəsinə 150 milyon manat dividend ödəyəcək
Azərbaycan hökuməti 2024-cü ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən dövlət büdcəsinə dividend ödənişlərini 150 milyon manat məbləğində proqnozlaşdırır. Bu qiymətləndirmə Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
2022-ci ildə ABB-dən alınan dividendlər üzrə dövlət büdcəsinin gəlirləri 120,5 milyon manat təşkil edib.
“2023-cü il üçün proqnoz 100 milyon manat təşkil edib, bank isə faktiki olaraq 150,9 milyon manat ödəyib. 2024-cü ildə ABB üzrə dövlət büdcəsinə dividend ödənişləri 150 milyon manat məbləğində proqnozlaşdırılır”, - deyə Hesablama Palatasından bildirilib.
ABB 2023-cü ilin 9 ayını 250 milyon 865,6 min manat məbləğində xalis mənfəətlə başa vurub (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 19,5% - İF).
ABB 2022-ci ildə dividend ödənişinə 125 milyon manat ($73,5 milyon), 2023-cü ildə 156,6 milyon manat ($92,1 milyon) yönəldib.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. ABB-nin kapitalında dövlətin payı 96,37%, o cümlədən Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın səhmdarları 17 hüquqi və 1780 fiziki şəxsdir.