Gündəm

Prezidentin təyin etdiyi yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Firdovsi Əliyevi Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Yeni təyin edilən icra başçısının tərcümeyi-halını təqdim edirik:

Firdovsi Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib, 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub, 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb, 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.

Yeni icra başçısı 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

O, 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib, 2004-cü ildən bu ilin mart ayınadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)