Sahil Babayev pensiya artımından danışdı
Son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə 2.4 mlrd. manat ( 70 faiz) artım olub.
Bunu Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ 435 manat olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2.2 dəfə üstələyir.
Azərbaycanda effektiv pensiya yaşı 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir.
“Minimum və orta aylıq pensiya məbləğlərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış beynəlxalq dollar ilə ifadədə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutub. Minimum aylıq əməkhaqqının həm ABŞ dolları, həm də beynəlxalq dollar ilə ifadədə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan ikinci yeri tutub”.