Sosial iqtisadiyyat

Azərbaycanda illik inflyasiya 11%-dən aşağı düşüb

2023-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 10,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 12,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 10,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,6 faiz artıb.

Dövlət Statistika Komitəsinə yaydığı məlumata görə, 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 5,1 faiz yüksəlib. Qeyd edək ki 2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki ilin avqust ayına nisbətən 8 faiz təşkil artmışdı.

2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 4,5 faiz artıb.

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının, pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, unun, makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin, balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 

2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 5,9 faiz yüksəlib. Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2023-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin sentyabr ayına nisbətən 5,4 faiz artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)