Valyutası kəskin ucuzlaşan İsrail dollar satışına əl atdı
Hücumların hədəfi olan İsraildə şekel 2 faizə qədər ucuzlaşıb. İsrail Bankı valyuta dəyişkənliyinə müdaxilə etmək üçün 30 milyard dollara qədər valyuta satışı proqramı elan edib.
ENA.az xəbər verir ki, HƏMAS-ın İsrailə hücumlarından sonra qarşıdurmalar davam edərkən, İsrail Bankı 30 milyard dollara qədər valyuta satışı proqramı elan etdi.
Bank şekel valyutasında volatilliyi yumşaltmaq və bazarların fasiləsiz işləməsini təmin etmək üçün lazımi likvidliyi təmin etmək məqsədilə qarşıdakı dövrdə bazarda fəaliyyət göstərəcək.
Həmas Qəzza zolağından İsrailin cənubuna sızaraq şənbə günü eyni vaxtda bir neçə hücum həyata keçirib. Hücumlar nəticəsində əksəriyyəti mülki vətəndaşlardan ibarət 700-dən çox israilli həyatını itirib.
Qəzzanın şimal sərhədindən çox da uzaq olmayan ərazidə keçirilən musiqi festivalına qatılan 260-a yaxın insan da Həmas tərəfindən öldürülüb. İsrailin cavab hücumları nəticəsində 400-ə yaxın fələstinli həyatını itirib. İsrail HƏMAS-ın sızdığı ərazilərin əksəriyyətinə nəzarəti bərpa edərkən, Həmas çoxlu israillini girov götürdü.
Gözlənilməz hücumlardan sonra İsrail rəsmən müharibə elan etdi və HƏMAS-ın hərbi infrastrukturunu məhv etmədən əməliyyatları dayandırmayacağını açıqladı. Bu açıqlamadan sonra Qəzzada aylarla davam edə biləcək quru əməliyyatı gözlənilir.
Wall Street Journal HƏMAS və İranın dəstəklədiyi Hizbullahın yüksək rütbəli üzvlərinə istinadən xəbər verir ki, İran təhlükəsizlik rəsmiləri HƏMAS-a hücumu planlaşdırmağa kömək edib və ötən bazar ertəsi Beyrutda keçirilən toplantıda hücuma yaşıl işıq yandırıblar.
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə iki gün ərzində iki dəfə telefonla danışıb və hərbi yardıma dəstəyini çatdırıb. ABŞ USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla altı gəmisini Şərqi Aralıq dənizinə köçürüb.
Türkiyə Xarici İşlər Nazirliyi hər iki tərəfi mötədilliyə çağırsa da, prezident Rəcəb Tayyib Ərdoğan, "Asayişin bərpası üçün başlatdığımız diplomatik səyləri gücləndirmək və davam etdirmək əzmindəyik" dedi.