Dövlət qurumlarında vəzifə tutmaq istəyənlər üçün müsabiqə elan olundu
11 dövlət qurumunda vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ümumilikdə Mədəniyyət Nazirliyində 16, İqtisadiyyat Nazirliyində 10, Maliyyə Nazirliyində 10, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 5, Səhiyyə Nazirliyində 5, Gənclər və İdman Nazirliyində 4, Dövlət Turizm Agentliyində 3, Audiovizual Şurada 2, Kənd Təsərrüfatı Nazirliyində 1, Hesablama Palatasında 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 sentyabr 2023-cü il tarixindən 28 sentyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.