Hesabatlar

"Bank Respublika" bir ildə necə qalxdı? HESABAT 

Ölkənin bank sektorunda korporativ müştəri bazasına görə həmişə diqqətdə olan Bank Respublika 2018-ci ildə öz fəaliyyətində köklü dəyişikliklər etdi. Xüsusən də bankın komandası ciddi şəkildə dəyişdi, bu isə nəticə etibarilə göstəricilərin yüksəlməsinə də təsir göstərdi.

Bankın hesabatlılığı getdikcə kiçilir

BI olaraq bankın ilin dördüncü rübünə olan məlumatları əsasında bəzi faktları diqqqətə çatdırmaq istərdik. Əvvəlcə qeyd edək ki, bank fəaliyyətində ən önəmli göstərici olan aktivlərin həcmi diqqət çəkir. Hərçənd Bank Respublika prüdensial hesabatları üzrə açıqlamanı çox yığcamlaşdırıb və bir çox göstəricilər ümumiyyətlə gizlədilir, amma müəyyən qədər təhlil aparmaq imkanı var.

Qeyd edək ki, Bank Respublika fəaliyyət göstərməsi üçün 31.dekabr 2018-ci il tarixə 100 milyon manat xərcləyib. Maliyyə fəaliyyəti üzrə yaranan pul vəsaitlərinin həcmi 14 milyon 299 min manat olub. Pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərində xalis azalma isə 87 milyon 885 min manat təşkil edib. Bankın fəaliyyət xərcləri sırasında əmək haqqı xərclərini xüsusi qeyd etmək olar, çünki kadr tərkibi əsaslə şəkildə yenilənib. Bank əsasən əmək haqqlarına ayrılan xərclər üzrə formalaşan qeyri-faiz xərcləri dördüncü rübün sonuna 42 milyon manatı ötüb.

“AccessBank”ın kadrlarını götürdü

“Bank Respublika”nın kollektivi yenilənməsi xüsusən də yuxarı idarəetmə orqanı səviyyəsində kadr dəyişikliyi “Accessbank”ın “Nikoil Bank” ilə birləşməsi ilə bağlı danışıqlar fonunda sürətləndi. Belə ki, bu barədə anlaşma olduğundan və əsas alıcı qismində “Nikoil Bank” iştirak etdiyindən birləşmə zamanı “Nikoil”un əməkdaşlarına üstünlük veriləcəyi ilə bağlı söhbətlər bu bankdan kadr axınını sürətləndirdi. Xüsusən də  “AccessBank” QSC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Şakir Rəhimovun “Bank Respublika”da Müşahidə Şurasının sədri təyin olunmasından sonra “AccessBank”dan “Bank Respublika”ya transferlər artdı. “Avropa bankı”nın daha təkmil idarəetmə sistemini mənimsəmiş bu kadrların sayəsində “Bank Respublika”nın çöküşü dayandırıldı və yenidən rəqabətdə olan banklar sırasına daxil oldu.

 

Aktivlərinin cəmi 23% kreditlərdir

Nəticədə 2018-ci ilin sonunda “Bank Respublika”nın aktivlərinin həcmi 1 milyard manata yaxınlaşdı: cəmi aktivlərinin həcmi 983 milyon 98 min manat. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 280 milyon 984 min manat və ya 40% çoxdur. İllik müqayisədə müştərilərə verilən kreditlər və lizinqlərin həcmi 229 milyon 614 min manatdan 343 milyon 630 min manata yüksəlib (114 milyon 16 min manat və ya 49,6% artım). Nəzərə çarpan göstəricilərdən biri də aktivlərin tərkibindəki, real iqtisadiyatdan kənarda tutulan passiv pul kütləsinin həcmidir.

“Bank Respublika” aktivlərinin 540 milyon 914 min manatı Mərkəzi Bankdakı müxbir hesabda (498 milyon 289 min manat) və nağd şəkildə (42 milyon manat) saxlayır. Bank 35 milyon 781 min manatını isə başqa banklara kredit verib və ya depozit qoyub. Qiymətli kağızlara yatırımı isə 8 milyon 704 min manat təşkil edir.

Göründüyü kimi, bankın kredit portfeli böyüsə də ümumi böyümədə və aktivlərin həcmindəki payı çox cüzidir. Rəqəmlə ifadə etsək, kredit portfelinin aktivlərdəki payı cəmi 23 faizdir, bu isə ölkə bankları arasında qeydə alınan aşağı göstəricilərdən biridir. Təbii ki, bu məsələdə bankın risklərlə bağlı tutduğu mövqeyi də var və bu tendensiya əksər banklarda müşahidə edilir, amma ümumi müqayisədə bank üçün yaxşı göstərici sayıla bilməz.

 

Zərəri 2 milyon azaldı

Depozit portfelinin həcminə gəlincə, artım dinamikası izlənməkdə davam edir, ancaq bank bu portfelin strukturunu açıqlamadığından fiziki şəxslərin müddətli əmanətləri üzrə statistikanı görmək olmur. Hərçənd ilin əvvəlində bu göstərici çox az idi, ilin sonuna olan rəqəm isə məlum deyil.

“Bank Respublika” bir il ərzində məcmu kapitalının həcmini 32 milyon manat artıraraq 31 Dekabr 2018-ci il tarixinə 58 milyon 444 min manata çatdırmağa müvəffəq olub. Məcmu kapitalın gəlirliliyi isə minimal həddən bir qədər yuxarı 11,36% təşkil edib.   İlin əvvəlinə adi səhmlərin məbləği 57 milyon manat təşkil etdiyi halda, müddətin sonuna 73 milyon manata qalxıb. İl ərzində bank 2 milyon 154 min manat gəlir əldə etdiyindən ilin əvvəlinə olan bölüşdürülməmiş xalis zərəri 31 milyon 564 min manatdan 29 milyon 410 min manata düşüb. Bankın ilin sonuna ümumi ehtiyatları 12 milyon 715 min manata, cəmi kapitalı isə 56 milyon 767 min manata çatıb.

Ümumilikdə tendensiyanı müsbət qiymətləndirmək olarsa, amma bu komandanın Bank Respublikanı əvvəlki səviyyəsinə qaytarmaq üçün görəcəyi işlər hələ çoxdur.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department