Bu ilin 7 ayında Azərbaycanda neçə yeni şirkət açıldı?
2023-cü il avqustun 1-nə Azərbaycanda 169 751 aktiv kommersiya təşkilatı qeydiyyata alınıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur.
Avqustun 1-nə kommersiya hüquqi şəxslərinin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyətlər (MMC), 1,3 faizi səhmdar cəmiyyətləri (SC), 1,1 faizi kooperativlərdir.
Bununla yanaşı, 32,934 min təşkilat aktiv ƏDV ödəyicisidir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.
Yanvar-iyul aylarında 9133 kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Bunlardan 87,6 faizi yerli investisiyalı şirkətlər, 12,4 faizi xarici investisiyalı təşkilatlardır.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya təşkilatlarının 82,1 faizi elektron formada qeydiyyatdan keçib.
Ümumilikdə, 2023-cü il avqustun 1-nə Azərbaycanda 1 milyon 470 553 vergi ödəyicisi qeydiyyata alınıb ki, onların da 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlardır. Vergi ödəyicilərinin ümumi sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz, o cümlədən fiziki şəxslər 7 faiz, hüquqi şəxslər 9,3 faiz artıb.