Ödənişlərinin 78 faizi könüllü sığortanın payına düşür - 6 AYIN NƏTİCƏSİ
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətləri 648 milyon 945,4 min manat sığorta haqqı cəlb ediblər. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 32% çoxdur. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bütün sığorta haqlarının 72,5%-i könüllü sığorta növləri üzrə sığorta haqlarını əhatə edir.
Ən böyük artım icbaridədir
Belə ki, könüllü sığorta üzrə 28,3% artaraq 470 milyon 656 min manata yüksəlib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 288 milyon 782,57 min manat (artım 40,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 181 milyon 873,45 min manat (artım 12,9%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları artım tempinə görə lider olaraq qalır. Bu kateqoriya 42,7% artımla 178 milyon 289,4 min manat təşkil edib.
Daxilolmaların 66,6%-i üç sığorta növünün payına düşür
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (273 milyon 665,49 min manat), könüllü tibbi sığorta (81 milyon 608 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (76 milyon 874,5 min manat) üzrə sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları ümumi daxilolmaların 66,6%-ni təmin edib.
Bütün ödənişlərin 77,7%-i könüllü sığortaya yönəlib
Yanvar-iyun aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 225 milyon 32,06 min manat yönəldiblər. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% çoxdur.
Könüllü sığorta növləri üzrə ödənişlər 34,2% artımla 174 milyon 824,2 min manat və ya bazar üzrə bütün ödənişlərin 77,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 127 milyon 278,47 min manat (artım 53,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 47 milyon 545,76 min manat (artım 0,6%) olub.
Ödənişlərdə ilk üç növ
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə ödənişlər 50 milyon 207,8 min manat (artım 12,4%) təşkil edib. Avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (46 milyon 493,46 min manat), həyatın yaşam sığortası (126 milyon 512,7 min manat) və könüllü tibbi sığorta (35 milyon 145,8 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-may aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 92,5%-ni təmin edib.
Yanvar-iyun aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,7% artıb.