TURİZM

AZAL və “Air Astana” Bakı-Almatı marşrutu üzrə birgə uçuşlar рəyata keçirəcək

Azərbaycan və Qazaxıstanın milli aviadaşıyıcıları Bakı-Almatı-Bakı marşrutu üzrə kod-şerinq formatında tərəfdaşlıq haqqında kommersiya sazişi imzalayıb.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

AZAL və “Air Astana” arasında bağlanan müqavilə Bakı və Almatı arasında səyahət edən sərnişinlərə hər iki aviaşirkətin təklif etdiyi müxtəlif reyslər arasından seçim etmək imkanı verəcək. Bu, səyahət planlamasında rahatlıq və çevikliyi təmin edəcək.

Kod-şerinq müqaviləsi çərçivəsində aviaşirkətlər həftədə 5 dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə birgə uçuşlar həyata keçirəcək.

"Əməkdaşlıq Azərbaycan və Qazaxıstan arasında aviasiya kommunikasiyalarının inkişafında mühüm addımdır və iki ölkənin turizm və biznes potensialının inkişafına kömək edəcək", - məlumatda deyilir.

Kod-şerinq təcrübəsi mülki aviasiyada geniş istifadə olunur və aviaşirkətlər arasında müqavilələrə əsaslanır. Bu əməkdaşlıq çərçivəsində aviaşirkətlərdən biri qeyd edilmiş istiqamətlərə uçuşlar yerinə yetirir, digər aviaşirkət isə öz kodu ilə bu reyslərə aviabiletlərin satışını həyata keçirir.

Bu tərəfdaşlıq iki ölkə arasında turizm axınının inkişafına kömək edəcək, həmçinin səyahət seçimini və rahatlığını genişləndirərək sərnişinlərə hər iki aviaşirkətin xidmətlərindən istifadə etmək imkanı verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)